Nisa - 4:148 Allah pis dil (söz) işlədilməsini sevməz. Zülmə uğrayanlar istisnadır. Allah Eşidəndir, Biləndir.
Allah pis dil istifadə edilməsini sevməz:
Ali İmran/3:159 Allahın sənə bir lütfü olaraq onlarla mülayim rəftar etdin. Kobud və daş ürəkli olsaydın, çevrəndən dağılıb gedərdilər. Onları əfv et, bağışlanmalarını dilə və görüləcək işlər haqqında onlara danış. Qərar verincə də Allaha güvən; Allah güvənənləri sevər.

Nisa/4:63 Allah onların qəlblərindəkini bilir. Onlara əhəmiyyət vermə, onları aydınlat və özləri barədə onlara təsir göstərə biləcək gözəl sözlər söylə.
Nisa/4:148 Allah pis dil (söz) işlədilməsini sevməz. Zülmə uğrayanlar istisnadır. Allah Eşidəndir, Biləndir.

Hicr/15:85 Biz, göyləri, yeri və aralarındakı şeyləri bəlli bir məqsəd üçün yaratdıq. O Saat (dünyanın sonu) əlbəttə gələcəkdir, elə isə onlara gözəl və yumşaq davran.

Nəhl/16:125 Rəbbinin yoluna hikmətlə və gözəl aydınlatma ilə dəvət et. Onlarla ən gözəl tərzdə mübahisə et. Rəbbin, yolundan azanları və doğru yolda olanları ən yaxşı biləndir.

Ta ha/20:43 "İkiniz Fironun yanına gedin; Çünki o, azdı."
Ta ha/20:44 "Onunla yumşaq danışın. Ola bilər ki, öyüd alar, və ya ehtiram göstərər."

Ənkəbut/29:46 Kitab əhli ilə, zalım olanları xaric ən gözəl bir tərzdə mübahisə edin və: "Bizə nazil edilənə iman etdik və sizə nazil edilənə də iman etdik. Bizim Tanrımız, sizin də Tanrınız birdir. Biz sadəcə Ona təslim olduq," deyin.

Nisa/4:8 Mirasın bölgü vaxtında, əqrəbalar, yetimlər və yoxsullar da iştirak edərlərsə, gözəl sözlər söyləyərək onlara da verin.

Bəqərə/2:83 İsrail oğullarından bu cür söz almışdıq: “Allahdan başqasına qulluq/xidmət etməyəcəksiniz, anaya, ataya, yaxınlara, yetimlərə və yoxsullara yaxşılıq edəcəksiniz. İnsanlarla dost kimi danışacaqsınız. Namazı qoruyacaq və zəkatı verəcəksiniz!” Fəqət bundan sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.