Maidə - 5:32 Bunun üçün İsrail oğullarına bunu yazdıq: "Kim, cinayət işləməmiş və yer üzündə fəsad törətməmiş bir adamı öldürərsə bütün insanları öldürmüş kimidir. Kim də o canı yaşadarsa, bütün insanları yaşatmış kimi olar. Elçilərimiz onlara açıq-aşkar dəlillərlə gəldilər. Buna rəğmən onların çoxu dərhal sonra yer üzündə azğınlıq etməyə başladılar.
İsrail oğulları Allaha verdikləri sözü pozdular:
Bəqərə/2:83 İsrail oğullarından bu cür söz almışdıq: “Allahdan başqasına qulluq/xidmət etməyəcəksiniz, anaya, ataya, yaxınlara, yetimlərə və yoxsullara yaxşılıq edəcəksiniz. İnsanlarla dost kimi danışacaqsınız. Namazı qoruyacaq və zəkatı verəcəksiniz!” Fəqət bundan sonra az bir qisminiz istisna olmaqla, üz çevirib döndünüz.
Bəqərə/2:84 “Bir-birinizin qanını tökməyəcəksiniz və bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!”– deyə də sizdən söz almışdıq. Bunu qəbul etmiş və şahid olmuşdunuz.
Bəqərə/2:85 Bütün bunlardan sonra, siz hələ də bir-birinizi öldürür, aranızdan bir qrupu yurdlarından çıxarır, pislik və düşmənçilik etməkdə onlara qarşı birləşirsiniz. Onları yurdlarından çıxarmanız sizə haram edildiyi halda, bu yetməyirmiş kimi sizə əsir düşdüklərində də, bir də onlardan fidyə istəyirsiniz. Yoxsa siz Kitabın bir qisminə iman edib, bir qismini inkarmı edirsiniz? Bu cür davrananların cəzası dünya həyatında rəzil olmaq, Dirilmə günündə də əzabın ən şiddətlisinə uğradılmaqdan başqa nə ola bilər? Allah etdiklərinizdən qafil (bixəbər) deyildir.