Ənam - 6:7
Sənə kağız üzərinə yazılı bir kitab nazil etsəydik və hətta əlləri ilə toxunsaydılar, inkar edənlər: "Bu ancaq açıq-aşkar bir sehrdir!" – deyəcəklər.
Kitab əhli Muhəmməddən (ə.s) göydən kitab endirməsini istədi:
Nisa/4:153
Kitab əhli, sənin onlara göydən bir kitab endirməyini istəyir. Musadan, bunun daha böyüyünü istəmiş və, "Bizə Allahı fiziki olaraq göstər,” – demişdilər. Bu cür həddi aşmalarından ötrü onları ildırım vurdu. Onlara açıq-aşkar dəlillər gəlməsinə rəğmən buzova qulluq/xidmət etdilər. Onları yenə əfv etdik və Musaya da açıq-aşkar bir səlahiyyət verdik.
İsra/17:90
Dedilər ki: "Yerdən bizə bir bulaq fışqırtmadıqca sənə iman etməyəcəyik."
İsra/17:91
"Və ya xurma və üzüm bağçaların olmalı, aralarından da şırıl-şırıl çaylar axıtmalısan."
İsra/17:92
"Və ya iddia etdiyin kimi, göydən üzərimizə parçalar düşürməli, yaxud Allahı və mələkləri qarşımıza gətirməlisən."
İsra/17:93
"Ya da qızıldan bir evin olmalı və ya göyə yüksəlməlisən. Yüksəlsən belə oxuyacağımız bir kitabı üzərimizə endirmədikcə ona iman etməyəcəyik." De ki: "Rəbbim Ucadır. Mən elçi olan bir insandan başqa bir şeyəmmi ki?"