بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
24:21 Ey iman edənlər! Şeytanın addımlarını izləməyin. Kim Şeytanın addımlarını izləyərsə, ona həyasızlığı və pisliyi əmr edər. Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç biriniz əbədi olaraq təmizlənə bilməzdi. Ancaq Allah istədiyini təmizləyər. Allah Eşidəndir, Biləndir.
24:22 Sizdən mal və imkana sahib olanlar, əqrəbalara, yoxsullara və Allah yolunda köç (hicrət) edənlərə verməmək üçün and içməsinlər. Əfv etsinlər, keçsinlər. Allahın sizi bağışlamasını sevmirsiniz? Allah Bağışlayandır, Rəhmlidir.
24:23 İffətli və (pisliklərdən) xəbərsiz iman edən qadınlara iftira edənlər, dünya və axirətdə lənətlənirlər və onlar üçün böyük bir cəza vardır.
24:24 O gün ki, dilləri, əlləri və ayaqları onların etdikləri hər şeyə şahidlik edəcəklər.
24:25 Allah o gün, layiq olduqlarını tam olaraq ödəyəcək və Allahın açıq-aşkar bir Gerçək olduğunu öyrənəcəklər.
24:26 Pis qadınlar pis kişilər üçün, pis kişilər isə pis qadınlar üçündür. Yaxşı qadınlar yaxşı kişilər üçün və yaxşı kişilər də yaxşı qadınlar üçündür. Bunlar (ikinci qrup), onların söylədiklərindən uzaqdır. Bağışlanmağa və bol nemətə layiqdirlər.
24:27 Ey iman edənlər, Evlərinizdən başqa evlərə, icazə almadan, əhlinə salam vermədən girməyin. Əgər düşünürsünüzsə, bunun sizin üçün yaxşı olduğunu görərsiniz.
24:28 Orada heç kəsi tapa bilməsəniz (səlahiyyətlilər tərəfindən), icazə verilməyincə oraya girməyin. Sizə "Geri dönün," deyildiyində dönüb gedin. Bu, sizin üçün daha təmiz bir davranışdır. Allah etdiklərinizi Biləndir.
24:29 Yaşayışsız və içində əşyanız olan bir evə girməyinizdə bir qəbahət yoxdur. Allah aşkara çıxardığınızı da, gizlədiklərinizi də bilir.
24:30 İman edənlərə, gözlərini çəkindirmələrini (qadınlara gözünü dikib baxmamalarını) və iffətlərini qorumalarını bildir. Bu onlar üçün daha təmiz bir davranışdır. Əlbəttə Allah etdiklərindən xəbərdardır.
24:31 İman edən qadınlara da söylə, gözlərini çəkindirsinlər, iffətlərini qorusunlar və açıqda olmalı olan yerləri xaric, cazibəli yerlərini göstərməsinlər. Örtüklərini sinələrinin üzərinə bağlasınlar. Vücudlarının cazibəli yerlərini kimsəyə göstərməsinlər; ancaq ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğullar, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, digər qadınlar, cinsi ehtirasa sahib olmayan kişi xidmətçilər və işçilər və qadınların cinsi yönlərini hələ anlamayan uşaqlar xaric. Gizlədikləri cazibəli yerlərini sərgiləmək/bildirmək üçün ayaqlarını yerə vurmasınlar. Ey iman edənlər, hamınız birlikdə Allaha yönəlin ki, müvəffəq olasınız.
24:32 Subaylarınızı, müttəqi qadın və kişi xidmətçilərinizi evləndirin; əgər yoxsuldurlarsa, Allah onları öz lütfündən zəngin edəcəkdir. Allah Comərddir, Biləndir.
24:33 Evlənməyə imkanı olmayanlar da, Allah onları lütfü ilə zənginləşdirənə qədər iffətli davransınlar. Evlənmə yolu ilə azadlıq sənədi almaq istəyən əsirləri -niyyətləri dürüstdürsə- azadlıqlarına qovuşdurun. Və Allahın sizə verdiyi parasından (pulundan) onlara verin. İffətli olmaq istəyən qızlarınızı, bu dünyanın keçici mənfəətini arzulayaraq fahişəliyə məcbur etməyin. Kim onları məcbur edərsə, o zaman Allah onların məcbur edildiyini hesaba qatar; O Bağışlayandır, Rəhmlidir.
24:34 Açıq-aşkar ayələr nazil etmişik, sizdən öncə keçmiş kimsələrdən örnəklər və müttəqilər üçün bir öyüd.
24:35 Allah göylərin və yerin nurudur. Nurunun örnəyi buna bənzəyir: içində lampa olan bir oyuq... lampa şüşə bir qab içindədir. O şüşə qab isə inciyə bənzər bir səyyarə kimidir. Yanacağı, nə qərbə, nə də şərqə aidiyyəti olmayan, zeytun yağı hasil edən bərəkətli bir ağacdandır. Yağı, az qala atəş dəymədən aydınlıq verir. Nur üzərinə nurdur. Allah istəyəni/istədiyini nuruna yetişdirir. Bax, Allah insanlara belə örnəklər verir. Allah hər şeyi bilir.
24:36 (Belə bir nur və hidayət), içlərində ismi xatırlandığı üçün,  Allahın razı qalıb yüksəltdiyi evlərdədir. Orada, Onu səhər-axşam ucaldan...
24:37 Kəslər vardır. Onları, Allahı xatırlamaqdan, namazı qorumaqdan və zəkatı verməkdən nə bir iş, nə də bir ticarət yayındırmaz. Onlar, qəlblərin və gözlərin tərs dönəcəyi gündən qorxarlar.
24:38 Allah onların gözəl işlərini şübhəsiz mükafatlandıracaq və onlara lütfünü artıracaqdır. Allah istədiyini hesabsızca ruziləndirir.
24:39 İnkar edənlərə gəlincə, işləri, çöldəki bir ilğım kimidir. Susamış (kimsə) onu su sanar. Yanına yaxınlaşınca onu tapa bilməz, ancaq orada Allahı tapar; O da onun hesabını tam görər. Şübhəsiz Allah hesabı tez görəndir.
24:40 Yaxud, yoğun bir sislə (dumanla) birlikdə dalğa üstünə dalğanın örtdüyü əngin bir dənizin ortasındakı qaranlıqlara bənzəyir. Üst-üstə yığılmış qaranlıqlar... İnsan əlini uzatdığı zaman az qala onu belə görə bilməz. Allahın nurdan məhrum etdiyi kimsənin heç bir nuru ola bilməz.