بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
25:1 Bütün dünyaya bir xəbərdarlıq olaraq, Qanunlar Kitabını quluna nazil edən çox Ucadır.
25:2 Göylərin və yerin hökmranlığı Ona aiddir. Övlad götürməmişdir və hökmranlığında da Özünün ortağı yoxdur. Hər şeyi yaratmış və ən təfərrüatlı ölçülərlə ona nizam vermişdir.
25:3 Buna rəğmən Onunla yanaşı, bir şey yarada bilməyən, özləri yaradılan, özlərinə belə fayda və zərər verə bilməyən, öldürə bilməyən, yaşada bilməyən və dirildə bilməyən bir neçə tanrılar qəbul etdilər.
25:4 İnkar edənlər: "Bu, başqalarının yardımı ilə onun uydurduğu bir yalandan başqa bir şey deyildir," deyərək haqsız və əsassız bir tezis (iddia) ortaya qoydular.
25:5 Dedilər, "Yazıb durduğu şey əvvəlkilərin nağıllarıdır; ona diktə edilməkdədir, səhər-axşam."
25:6 De ki, "Onu, göylərin və yerin gizli olan şeylərini bilən nazil etmişdir. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir."
25:7 Və dedilər, "Necə olur ki, bu elçi yemək yeyir və bazarlarda gəzib-dolaşır? Gərək onunla birlikdə xəbərdarlıq etmək üçün bir mələk nazil olaydı!"
25:8 "Yaxud ona bir xəzinə atılsaydı, və ya özünün bir bağçası olsaydı və ondan yesəydi!" Hətta zalımlar, "Siz, sehrlənmiş bir adama tabe olursunuz," dedilər.
25:9 Gör, sənin üçün necə örnəklər verdilər ki, azdılar, yolu əsla tapa bilməyəcəklər.
25:10 İstəsə sənə, bunlardan daha yaxşı olan, içlərindən çaylar axan cənnətlər (bağçalar) və köşklər verə bilən O çox ucadır.
25:11 Doğrusu onlar Saatı (dünyanın sonunu) yalanladılar. Saatı yalanlayanlara alovlu cəhənnəmi hazırladıq.
25:13 Zəncirlənmiş olaraq onun dar bir yerindən atıldıqları zaman ölümü çağırarlar.
25:15 De ki, "Bu (yaxşıdır), yoxsa müttəqilərə bir qarşılıq və dönüş yeri olaraq söz verilmiş əbədi cənnətmi yaxşıdır?"
25:16 Onlar orada əbədi olaraq istədiklərini əldə edərlər. Bu, Rəbbinin mütləq surətdə gerçəkləşəcək sözüdür.
25:17 Onları və onların Allahdan başqa qulluq/xidmət etdiklərini topladığı gün, "Bu qullarımı sizmi azdırdınız, yoxsa onlarmı yolu azdılar?" deyər.
25:18 "Sən Ucasan, Səninlə yanaşı kimsəni vəlilər qəbul etmək bizə yaraşmaz. Fəqət, Sən onlara və atalarına nemətlər bağışladın. Nəhayət, onlar mesajı unudub dəyərsiz bir camaat oldular," deyə qarşılıq verdilər.
25:19 Onlar sizin bu söylədiklərinizi yalanlayırlar. Siz nə verilən qərarı dəyişdirə bilər, nə də yardım edə bilərsiniz. Hətta sizdən zülm edən olarsa, ona da böyük bir əzab daddırarıq.
25:20 Səndən öncə göndərdiyimiz bütün elçilər də yemək yeyərdilər, bazarlarda gəzib-dolaşardılar. Sizi bir-biriniz üçün bir sınaq etdik; səbr edə biləcəksinizmi? Rəbbin Görəndir.