بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
2:161 İnkar edib inkarçı olaraq ölənlər, onlar, həm Allahın, həm mələklərin və həm də insanların lənətini qazanar!
2:162 Orada əbədi qalacaqlar. Əzabları yüngülləşdirilməz, onlara başqa bir şans da verilməyəcəkdir.
2:164 Göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birilə yer dəyişdirməsində, insanların faydası üçün okeanda axıb gedən gəmilərdə, Allahın göydən su endirib ölümündən sonra yer üzünü diriltməsində və orada yaydığı hər növ canlıda, küləkləri və göy ilə yer arasında hazır olan buludları fırladıb çevirməsində ağlını istifadə edən bir camaat üçün əlbəttə ayələr (dərslər və dəlillər) vardır.
2:165 Allahdan başqasını tanrı qəbul edən və Allahı sevər kimi onları sevən kimsələr var. İman edənlər isə ən çox Allahı sevər. O zülm edənlər, əzabı gördükləri zaman bütün gücün Allaha aid və Allahın əzabının çətin olduğunu anlayacaqlarını bir bilsəydilər!
2:166 O zaman, tabe olunanlar özlərinə tabe olanlardan uzaq duracaqdır. Artıq əzabı görmüşlər və aralarındakı bütün bağlar kəsilmişdir.
2:167 Tabe olanlar belə deyəcək: “Kaş ki, bir şansımız (dünyaya dönmə imkanımız) olsaydı, onların indi bizdən uzaq durduqları kimi biz də onlardan uzaq dursaydıq!” Beləcə, Allah etdiklərini peşmançılığa döndərər; atəşdən çıxa bilməzlər.
2:168 Ey insanlar! Yerin halal və təmiz məhsullarından yeyin, şeytanın addım izləri ilə getməyin; o, sizə açıq-aydın düşməndir.
2:169 O sizə pisliyi, həyasızlığı və Allaha bilmədiyiniz şeyləri isnad etməyinizi əmr edər.
2:170 Onlara, “Allahın nazil etdiyinə tabe olun!”– deyilsə, “Xeyr, biz atalarımızın izlədiyi yolu izləyirik,": deyərlər. Elə isə, ataları bir şey düşünə bilməyən və doğru yolu tapa bilməyən kimsələr olsa da?!
2:171 İnkar edənlərin durumu, sözləri ancaq bağırma və çağırma şəklində eşidərək (anlamadan) təkrarlayan kəs kimidir. Kar, lal və kordurlar; düşünməzlər.
2:172 Ey iman edənlər! Sizə verdiyimiz ruzilərin yaxşılarından yeyin. Allaha şükür edin, sadəcə Ona qulluq/xidmət edirsinizsə.
2:173 O, sizə sadəcə leşi, qanı, donuz ətini və Allahdan başqası adına kəsiləni haram etmişdir. Hər kim (bunları yeməyə) məcbur qalarsa, (sui-istifadə yolunu) axtarmamaq və həddi aşmamaq şərti ilə günah işləmiş olmaz. Allah Bağışlayandır, Rəhmlidir.
2:174 Allahın nazil etdiyi kitabdan bir şey gizləyib onu az bir dəyərə dəyişənlər, qarınlarına atəş doldururlar. Dirilmə günündə Allah onlarla danışmaz və onları təmizə çıxarmaz. Onlara ağrı-acı verici bir əzab var.
2:175 Onlar, hidayət qarşılığında azğınlığı və əfv edilmə qarşılığında əzabı satın almışlardır. Atəşə nə qədər də dözümlüdürlər!
2:176 Belədir; çünki Allah gerçəyi əhatə edən kitabı nazil etmişdir və kitab haqqında mübahisə edənlər isə həqiqətən dərin bir anlaşılmazlıq içindədir.
2:177 Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.
2:178 Ey iman edənlər! Öldürməkdə eyni davranmaq sizə vacib edildi. Azad kəsə qarşılıq azad kəs, köləyə qarşılıq kölə, qadına qarşılıq qadın... Amma kim öldürülənin yaxınları tərəfindən bağışlanarsa, o zaman uyğun olanı etməsi və diyəni gözəl şəkildə ödəməsi lazımdır. Bu, Rəbbinizdən bir yüngülləşdirmə və rəhmətdir. Bundan sonra kim həddi aşarsa onun üçün ağrılı-acılı bir əzab var.
2:179 Sizin üçün bu eyni davranmaqda həyat qurtarma vardır, ey ağıl sahibləri, beləcə qorunursunuz.
2:180 Sizdən birinə ölüm yaxınlaşdığında, bir mal buraxacaqsa anaya-ataya, yaxınlara uyğun bir şəkildə vəsiyyət etməsi vacib edildi. Bu, müttəqilər üçün bir görəvdir.