بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
2:21 Ey insanlar! Sizi və sizdən öncəkiləri yaradan Rəbbinizə qulluq edin ki, qorunasınız.
2:22 O, yer üzünü sizin üçün yaşanacaq hala saldı və göyü də bir yapı etdi. Göydən su endirdi və onunla ruzi olaraq sizə müxtəlif məhsullar çıxardı. Bilə-bilə Allaha ortaqlar qoşmayın.
2:23 Qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, buna bənzər bir surə gətirin. Doğru sözlüsünüzsə, Allahdan başqa bütün şahidlərinizi də yardıma çağırın.
2:24 Bunu edə bilməsəniz, – əsla edə bilməyəcəksiniz – o təqdirdə inkarçılar üçün hazırlanan və yanacağı insanlar ilə daşlar olan atəşdən çəkinin.
2:25 İman edib müttəqi davrananları, içlərində çaylar axan cənnətlərlə (bağçalarla) müjdələ. Onlara oradakı məhsullardan ruzilər verildiyində "Bu, daha öncə bizə verilən nemətlərdir," deyərlər. Beləcə, onlara məcazi oxşarlar (bənzətmələr) verilər. Onlar üçün orada tərtəmiz əşlər vardır və onlar orada əbədi qalıcıdırlar.
2:26 Allah bir ağcaqanadı hətta onun üzərindəkini örnək verməkdən çəkinməz. İman edənlər, bunun Rəblərindən gələn bir gerçək olduğunu bilər. İnkar edənlər isə "Allah bu bənzətmə ilə nə demək istədi," deyərlər. O, bununla bir çox kəsi azdırar və bir çox kəsi də doğruya yetişdirər. O, bununla sadəcə fasiqləri azdırar.
2:27 O kəslər ki, Allah ilə etdikləri sözləşməyə bağlılıq sözü verdikdən sonra onu pozarlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyi kəsərlər və yer üzündə fəsad törədərlər. Bax onlar, itkiyə (ziyana) məruz qalanlardır!
2:28 Allahı necə inkar edərsiniz? Siz ölülər idiniz O sizi diriltdi. Sonra sizi öldürər və təkrar dirildər və sonunda Ona döndərilərsiniz.
2:29 Yer üzündə hər şeyi sizin üçün yaradan Odur. Sonra göyə yönəlib onu yeddi göy olaraq nizamladı. O, hər şeyi bilər.
2:30 Rəbbin, mələklərə belə demişdi: "Yer üzünə bir xəlifə yerləşdirəcəyəm!" Mələklər də: “Orada fəsad törədəcək, qan axıdacaq birinimi yerləşdirəcəksən? Halbuki biz Səni tərifləyərək ucaldır və mütləq hökmranlığını təsdiqləyirik," dedilər. (Allah:) “Bilmədiyinizi Mən bilərəm,” dedi.
2:31 Adəmə bütün isimləri (vəsfləri) öyrətdi, sonra onları mələklərə göstərib, "Doğrusunuzsa, bunların isimlərini (xüsusiyyətlərini, vəsflərini) siz mənə bildirin," dedi.
2:32 Dedilər: “Sən Ucasan, Sənin bizə öyrətdiyindən başqa bir biliyimiz yoxdur! Sən Bilənsən, Hikmət Sahibisən!”
2:33 Dedi: "Adəm! Onların isimlərini bunlara xəbər ver." İsimlərini onlara xəbər verincə, "Sizə, yerin və göylərin sirlərini bilirəm, açığa çıxardığınızı da, gizlədiyinizi də bilirəm deməmişdimmi?" - dedi.
2:34 Mələklərə: “Adəmə səcdə edin!” dedik. İblisdən başqa hamısı səcdə etdilər, o isə inad etdi, təkəbbür göstərdi və nankorluq etdi.
2:35 “Adəm! Zövcənlə birlikdə Cənnətdə qal. İstədiyiniz yerdə ondan bolca yeyin; ancaq bu ağaca yaxınlaşmayın, yoxsa zalımlardan olarsınız!" - dedik.
2:36 Şeytan, onları oradan çaşdırıb olduqları yerdən çıxartdı. Nəhayət, “Bir-birinizə düşmən olaraq aşağı enin! Yer üzündə müəyyən olunmuş vaxta qədər qalıb yaşayacaqsınız,” dedik
2:37 Adəm, Rəbbindən kəlmələr aldı. Bundan sonra onun tövbəsini qəbul etdi. O, yönəlmələrə qarşılıq verəndir, Rəhmlidir.
2:38 "Oradan toplu halda enin," -dedik. "Məndən sizə bir yol göstərici gəldiyi zaman, o yol göstəriciyə tabe olanlar üçün artıq bir qorxu yoxdur və onlar üzülməyəcəklər."
2:39 "İnkar edənlər, ayələrimizi və möcüzələrimizi yalanlayanlar atəşin əhlidir və onlar orada əbədi qalıcıdırlar."
2:40 İsrail oğulları! Sizə verdiyim nemətimi xatırlayın, Mənə verdiyiniz sözü tutun ki, Mən də sizə verdiyim sözü tutum; yalnız Məndən qorxun!