بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
2:221 Ortaq qoşan qadınlar iman etmədikcə onlarla evlənməyin. İman edən bir xidmətçi qadın, ortaq qoşan bir qadından daha xeyirlidir; ondan xoşunuz gəlsə belə. Ortaq qoşan kişilərlə, iman edincəyə qədər qızlarınızı evləndirməyin. İman edən bir xidmətçi kişi ortaq qoşandan daha xeyirlidir, xoşunuz gəlsə belə... Onlar, atəşə çağırır. Allah isə cənnətə və bağışlanmağa çağırır və öyüd almaları üçün ayələrini insanlara açıqlayır.
2:222 Səndən aybaşı halını soruşarlar. De ki: “O narahatçılıq verən bir haldır. Aybaşı halında olan qadınlarla cinsi əlaqəyə girməyin və ondan qurtulana qədər onlara yaxınlaşmayın. Qurtulduqları zaman Allahın sizə uyğun gördüyü yerdən onlarla cinsi əlaqədə olun. Allah yönələnləri və təmizlənənləri sevər."
2:223 Qadınlarınız, (toxum əkdiyiniz) tarlalarınızdır. Tarlanıza istədiyiniz kimi varın. Özünüz üçün gələcəyə hazırlıq görün. Allahı dinləyin və Onunla mütləq qarşılaşacağınızı bilin. İman edənlərə müjdə ver.
2:224 İnsanlar arasında yaxşı, müttəqi və dürüst görünmək üçün Allahı andlarınıza alət etməyin. Allah Eşidir, Bilir!
2:225 Allah sizi qərəzsiz içdiyiniz andlara görə məsul tutmaz; ancaq qəlbinizdəki gerçək niyyətinizdən məsul tutar. Allah Bağışlayandır, Şəfqətlidir.
2:226 Qadınlarını boşamaq istəyənlər (doğru bir qərar üçün) dörd ay gözləməlidir. Əgər onlar fikirlərindən dönüb anlaşarlarsa, Allah Bağışlayandır, Rəhmlidir.
2:228 Boşanan qadınlar (başqasıyla evlənmədən öncə) öz-özlərinə üç aybaşı gözləməlidir. Allaha və Axirət gününə iman edirlərsə, Allahın bətnlərində yaratdığını gizləmələri düzgün olmaz. Bu vəziyyətdə (hamilə vəziyyətdə) ərləri barışmaq istəyərlərsə onları geri almağa daha çox haqlıdırlar. Kişilərin qadınlar üzərindəki haqları kimi, qadınların da kişilər üzərində eyni haqları var. (Hamiləlik vəziyyətində) Kişilərin onların üzərində bir dərəcəsi vardır. Allah Güclüdür, Hikmət Sahibidir.
2:229 Boşanma iki dəfədir. Boşanmış qadınları ya yaxşılıqla saxlamaq, ya da yaxşılıqla buraxmaq gərəkdir. Onlara verdiyiniz şeyləri geri almanız sizə halal olmaz; hər ikisi Allahın hədlərini qoruya bilməməkdən qorxarlarsa başqa. Allahın hədlərini qoruya bilməməkdən qorxarsınızsa, o zaman qadının istəyərək geri verdiyi şeylərə görə günaha girməzlər. Bunlar Allahın hüdudlarıdır; onları pozmayın! Allahın hüdudlarını kimlər pozarsa, məhz onlar zalımlardır.
2:230 Qadını yenə (üçüncü dəfə) boşayarsa, qadın başqa birisi ilə evlənmədikcə ona bundan sonra halal olmaz. Allahın qayda-qanununa riayət edəcəklərinə inanırlarsa təkrar bir-birlərinə dönmələrində bir qəbahət yoxdur. Bu Allahın qanunudur; onu bilən bir camaat üçün açıqladıq.
2:231 Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya yaxşılıqla yanınızda saxlayın və ya yaxşılıqla buraxın. İntiqam almaq üçün onlara zərər verəcək şəkildə saxlamayın. Bunu edən özünə zülm etmiş olar. Allahın ayələrini xəfifə almayın. Allahın sizə verdiyi nemətlərini və sizə öyüd vermək üçün nazil etdiyi Kitabı və hikməti düşünün. Allahı dinləyin və bilin ki, Allah hər şeyi bilir.
2:232 Boşanan qadınlar gözləmə müddətlərini bitirdikdən sonra, ərləriylə gözəlliklə anlaşdıqları təqdirdə o qadınların təkrar evlənmələrinə əngəl olmayın. İçinizdən Allaha və axirət gününə iman edən kimsələr bundan öyüd alır. Bu sizin üçün daha pak və daha sağlamdır. Siz bilməsəniz də Allah bilir.
2:233 Əmizdirmə müddətini tamamlamaq istəyənlər üçün analar körpələrini tam iki il əmizdirməlidir. Ananın yeyəcək və geyəcək ehtiyacını isə uşağın atası gözəl və uyğun bir şəkildə qarşılamalıdır. Heç kəsə qüvvəsindən artıq məsuliyyət yüklənməz. Nə ana uşağına görə, nə də atası uşağına görə zərərə soxulmasın. Bunu gerçəkləşdirmək mirasçısının da görəvidir. Ana və ata danışıb razılaşdıqdan sonra süddən kəsmək istəyərsə, ikisinə də bir günah yoxdur. Uşaqlarınızı süd anasına əmizdirmək istəyirsinizsə, haqqını uyğun bir şəkildə ödədiyiniz müddətcə sizə bir öhdəlik yoxdur. Allahı dinləyin, Allah etdiklərinizi Görür.
2:234 İçinizdən ölən kişilərin geridə buraxdığı zövcələri dörd ay və on (gün) gözləyərlər. Müddətlərini bitirincə artıq özləri üçün uyğun olanı etmələrində sizə məsuliyyət yoxdur. Allah etdiklərinizdən Xəbərlidir.
2:235 Evlənmə təkliflərinizi o qadınlara bildirmənizdən, ya da bu niyyətinizi içinizdə saxlamağınızdan ötrü sizə bir günah yoxdur. Allah onlar haqqında düşünəcəyinizi bilir. Onlarla uyğun və müttəqi bir şəkildə danışma məqsədindən xaric gizlicə sözləşib görüşməyin. Gözləmə müddətləri bitmədən onlarla nikah bağını qurmağa çalışmayın. Bilin ki, Allah içinizdə olanı bilir; elə isə Ondan çəkinin. Yenə bilin ki, Allah Bağışlayandır, Şəfqətlidir!
2:236 Yaxınlıq etmədən, yaxud mehrlərini təyin etmədən öncə qadınları boşamanızda bir qəbahət yoxdur. Bu vəziyyətdə ödəmə edin. Varlı öz imkanına görə, kasıb da öz imkanına görə verdikləri zərərə uyğun bir təzminat verməlidir. Bu, gözəl davrananların görəvidir.
2:237 Mehr təyin etdikdən sonra, ancaq onlarla yaxınlıq etməzdən öncə onları boşamışsınızsa, onlara söz verdiyiniz mehrin yarısını verməlisiniz. Ancaq, qadın haqqından vaz keçərsə və ya əri mehrin hamısını vermək istəyərsə başqa... Vaz keçməniz daha müttəqi bir davranışdır. Aranızdakı dostluğu unutmayın. Allah etdiklərinizi Görəndir.
2:238 Namazlara, xüsusilə orta namaza diqqət edin. Özünüzü tamamilə Allaha verərək namaza durun.
2:239 Bir qorxu və narahatçılığınız varsa, piyada və ya minik üzərində (namazı qılın). Güvənə qovuşduğunuz zaman, bilmədiyiniz şeyləri sizə öyrətdiyi kimi Allahı xatırlayın.
2:240 Ölüb və geriyə zövcələr buraxan kişiləriniz, zövcələrinin evlərindən çıxarılmadan bir il boyunca dolanışıqlarının təmin edilməsini vəsiyyət etsinlər. Çıxarlarsa, özləri üçün uyğun olanı etmələrindən siz məsuliyyətli deyilsiniz. Allah Güclüdür, Hikmət Sahibidir.