بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
2:41 Yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimə iman edin. Ona qarşı çıxanların birincisi olmayın! Ayələrimi dəyərsiz şeylərlə dəyişməyin, sadəcə Məndən çəkinin.
2:44 İnsanları yaxşılıq etməyə çağırdığınız halda, özünüzü unudursunuz? Üstəlik kitabı da oxuyursunuz? Ağlınızı istifadə etmirsiniz?
2:45 Çətinliklərə qarşı səbr və namaz ilə yardım diləyin. Əlbəttə bu, insanlara ağır gəlir; ancaq itaət edənlər xaric.
2:47 İsrail oğulları! Sizə verdiyim nemətlərimi və sizi bütün insanlardan üstün tutmamı xatırlayın.
2:48 Elə bir gündən çəkinin ki, heç kəs heç kəsin yerinə bir şey ödəyə bilməz, vasitəçilik (şəfaət) qəbul edilməz, heç kəsdən bir fidyə alınmaz və yardım da edilməz.
2:49 İşgəncənin ən pisini sizə tətbiq edən, qadınlarınızı buraxıb oğullarınızı öldürən Fironun adamlarından sizi qurtarmışdıq. Bu, Rəbbinizdən böyük bir sınaq idi.
2:50 Dənizi yararaq, sizi qurtarmışdıq və Fironun adamlarını da gözlərinizin önündə boğmuşduq.
2:51 Musa ilə qırx gecə üçün sözləşmişdik. Ancaq siz onun ardından özünüzə zülm edərək buzova qulluq/xidmət etdiniz.
2:54 Musa öz qövmünə demişdi: “Ey qövmüm! Siz buzova qulluq/xidmət etməklə nəfsinizə (şəxsiyyətinizə, özünüzə, ruhunuza) zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və nəfsinizi (eqonuzu) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir”. O, sizi əfv edər. Əlbəttə O, tövbələri qəbul edəndir, Rəhmlidir.
2:55 Bir zamanlar, "Ey Musa, Allahı fiziki olaraq (açıq-aşkar) görmədikcə iman etməyəcəyik,”– demişdiniz. Gözünüz görə-görə sizi ildırım vurmuşdu.
2:57 Sizi buludlarla kölgələndirmiş və sizin üçün mənna və bildirçin endirmişdik: "Sizə verdiyimiz yaxşı ruzilərdən yeyin." Fəqət onlar Bizə deyil, sadəcə özlərinə zülm edirdilər.
2:58 “Bu şəhərə daxil olun. Orada istədiyiniz yerdən bol-bol yeyin. Qapıdan təvazökar olaraq daxil olun və dostca danışın ki, xətalarınızı bağışlayaq. Gözəl davrananlara daha artığını verərik" demişdik.
2:59 Ancaq içinizdəki zalımlar, onlara verilən kəlmələri başqa kəlmələrlə dəyişdirdilər. Həqiqətən, yoldan çıxdıqları üçün zülm edənlərin üzərinə göydən bir əzab endirdik.
2:60 Bir zamanlar Musa öz xalqı üçün su axtarmışdı. “Dəyənəyinlə daşa vur!”– demişdik. Bundan sonra daşdan on iki bulaq fışqırmışdı. Hər qəbilə, içməsi üçün ayrılan bulağı tanıyıb bilmişdi: “Allahın ruzisindən yeyin-için və yer üzündə fəsad törədərək gəzib-dolaşmayın.”