بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
3:181 “Allah fəqir, biz isə zənginik!”– deyənlərin sözünü Allah eşitməkdədir. Söylədiklərini və haqsız yerə peyğəmbərləri öldürmələrini qeyd edəcəyik və "Yandırıb-yaxan əzabı dadın," - deyəcəyik.
3:182 "Bu, öz etdiklərinizin bir nəticəsidir." Şübhəsiz Allah qullara qarşı zalım deyildir.
3:183 Onlar, “Atəşin yeyəcəyi bir qurban gətirmədikcə heç bir elçiyə iman etməməmiz mövzusunda Allah bizdən söz aldı," - deyirlər. De ki, “Məndən öncə, açıq-aşkar dəlillərlə birlikdə bu dediyinizi də sizə gətirən elçilər gəldi. Sözünüzün yiyəsisinizsə nə üçün onları öldürdünüz?"
3:184 Səni yalanlayarlarsa (çaşma), səndən öncə açıq-aşkar dəlillər, Zəburlar (Tanrı sevgisini dilə gətirən İlahilər) və aydınladıcı kitab gətirən elçilər də yalanlanmışdı.
3:185 Hər kəs ölümü dadacaqdır. Dirilmə günü mükafatlarınız sizə tam olaraq verilər. Kim atəşdən qurtarılıb cənnətə daxil olarsa, zəfər qazanmış olar. Dünya həyatı ancaq aldadıcı bir zövqdən ibarətdir.
3:186 Paranızla (pulunuzla), canlarınızla sınanacaqsınız. Sizdən öncə Kitab verilənlərdən və ortaq qoşanlardan çox həqarətlər eşidəcəksiniz. Müqavimət göstərib və müttəqi bir həyat sürərsəniz, böyük iş etmiş olarsınız.
3:187 Allah kitab verilənlərdən, "Onu mütləq insanlara açıqlayacaqsınız, gizləməyəcəksiniz," - deyə söz almışdı. Fəqət onlar, onu arxalarına atıb az bir dəyərə satdılar. Nə pis bir alış-veriş!
3:188 Sanma ki, verdikləriylə qürürlanan və etmədikləri şeylərdən ötrü təriflənməyi sevənlər, bəli sanma ki, onlar əzabdan qurtulacaq. Onlara ağrılı-acılı bir əzab var.
3:190 Göylərin və yerin yaradılışında, gecənin və gündüzün bir-birilə yer dəyişdirməsində, Anlayış sahiblərinə ayələr vardır.
3:191 O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayarlar. Göylərin və yerin quruluşu və yaradılışı haqqında düşünərlər: “Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, Sən ucasan, bizi atəş əzabından qoru!"
3:192 "Rəbbimiz, Sən kimi atəşə salarsansa əlbəttə onu rəzil etmiş olursan. Zalımlara yardım edən olmaz."
3:193 Rəbbimiz, biz, “Rəbbinizə iman edin!”– deyə imana çağıran bir dəvətçini eşitdik və iman etdik. Rəbbimiz! Günahlarımızı bağışla, pisliklərimizi ört və yaxşı kimsələr olaraq canımızı al."
3:194 "Rəbbimiz, elçilərinin vasitəsi ilə bizə söz verdiyin şeyi ver, dirilmə günündə bizi rəzil etmə! Sən sözündən heç dönməzsən.”
3:195 Rəbləri onlara cavab verdi: "Mən, sizdən heç bir çalışanın etdiyini mükafatsız buraxmaram, istər kişi olsun, istər qadın olsun; hamınız eynisiniz. Köç (hicrət) edənlər, öz yurdlarından çıxarılanlar, yolumda işgəncə və həqarətə məruz qalanlar, vuruşanlar və öldürülənlər... Onların pisliklərini örtəcəyəm və onları içlərində çaylar axan bağçalara yerləşdirəcəyəm. Allahdan bir qarşılıq olaraq... Ən gözəl qarşılıq Allahın yanındadır.”
3:197 Bu, qısa müddətli bir faydalanmadır, sonra cəhənnəmi boylayacaqlar, nə pis bir məskəndir!
3:198 Rəblərini dinləyənlər üçün içərilərində çaylar axan cənnətlər var. Allah tərəfindən bir məskən olaraq orada əbədi qalacaqlar. Yaxşılar üçün Allahın yanında olanlar daha xeyirlidir.
3:199 Kitablıların elələri var ki, Allaha, sizə nazil edilənə, özlərinə nazil edilənə iman edirlər, Allaha qarşı dərin hörmətə sahibdirlər. Allahın ayələrini az bir dəyərə satmazlar. Onların mükafatları Rəblərinin yanındadır. Allah haqq-hesabı tez çəkəndir.
3:200 Ey iman edənlər! Uğur qazanmaq üçün çətinliklərə qarşı tək-tək müqavimət göstərin, toplu halda müqavimət göstərin, birlik (halında) olun və Allahı dinləyin.