بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
3:41 "Rəbbim, mənə bir əlamət ver, - dedi. "Əlamətin, üç gün işarə ilə anlaşmaqdan başqa insanlarla danışmamandır. Rəbbini daha çox xatırla və səhər-axşam Onu düşün.”
3:42 Mələklər belə demişdi: "Məryəm, Allah səni seçib təmizlədi; səni bütün qadınların üzərinə seçdi."
3:44 Bunlar, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Məryəmə hansı kəfil olacaq deyə püşk atdıqları zaman sən onların yanında deyildin; mübahisə etdikləri zaman da sən onların yanında deyildin.
3:45 Mələklər demişdi ki: “Məryəm, Allah səni Özündən bir kəlmə ilə müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada da, axirətdə də öndərlərdəndir və (Tanrıya) yaxın olanlardandır.
3:46 "Beşikdə ikən də, böyüyüncə də insanlarla danışacaq və yaxşılardan olacaq."
3:47 (Məryəm): “Rəbbim! Mənə bir bəşər toxunmamışkən necə övladım ola bilər?” - deyincə, belə cavab verdi: “Allah istədiyini belə yaradır. Hər hansısa bir şeyin olmasını istədiyi an ona 'Ol' deyər və o şey olar.
3:49 "İsrail oğullarına göndərilən bir elçi olaraq (deyəcək ki): Mən sizə, Rəbbinizdən bir dəlil ilə gəldim. Sizə palçıqdan quş heykəli düzəldib ona üfürərəm və Allahın izni ilə bir quş olar. Allahın izni ilə koru və cüzamlını yaxşılaşdırar, ölünü dirildərəm. Nə yediyinizi və evlərinizdə nələr yığıb saxladığınızı sizə bildirə bilərəm. İman edəcəksinizsə bu dəlillər sizin üçün yetərlidir."
3:50 "Məndən öncəki Tövratı təsdiqləmək və sizə haram edilən bəzi şeyləri halal etmək üçün göndərildim. Sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahı dinləyin və məni izləyin."
3:52 İsa onlardan inkarçı bir rəftarı hiss edincə, "Allah yolunda kim mənə yardımçı olacaq?" - dedi. Tələbələri, “Biz Allahın yardımçılarıyıq; Allaha iman etdik. Müsəlman olmağımıza şahid ol", deyə qarşılıq verdilər.
3:53 "Rəbbimiz, nazil etdiyinə iman etdik və elçiyə tabe olduq. Bizi şahidlər siyahısına yaz!”
3:55 Allah İsaya belə demişdi: “Sənin dünyadakı həyatına son verəcəyəm və Özümə yüksəldəcəyəm. Səni inkar edənlərdən qurtaracağam və sənə tabe olanları Dirilmə Gününə qədər inkar edənlərin üzərində tutacağam. Sonra, dönüşünüz Mənədir və mübahisə etdiyiniz mövzular barəsində, aranızda Mən hökm verəcəyəm."
3:56 "Kafirləri isə dünyada və axirətdə şiddətli bir şəkildə cəzalandıracağam; yardımçıları da olmayacaq."
3:57 İman edib müttəqi bir həyat sürənlərə gəlincə, mükafatlarını tam olaraq ödəyəcək. Allah zalımları sevməz.
3:59 Allaha görə İsanın örnəyi, Adəmin örnəyi kimidir; torpaqdan forma verdikdən sonra ona "Ol," - dedi və o da oldu.