بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
60:1 Ey iman edənlər, Mənim düşmənimi və sizin düşməninizi dost tutmayın. Sizə gələn gerçəyi inkar etmiş və Rəbbiniz olan Allaha iman etdiyiniz üçün elçini və sizi (ölkənizdən) çıxarmış olduqları halda, siz onlara sevgi göstərirsiniz. Razılığımı qazanmaq üçün yolumda bir cihada çıxdınızsa, onları necə gizlicə sevə bilərsiniz? Halbuki Mən, gizlədiyinizi də, aşkara çıxardığınızı da çox yaxşı bilirəm. Sizdən kim belə davranarsa, doğru yoldan sapmış olar.
60:2 Sizi ələ keçirsələr, sizə düşmən kəsilərlər, əlləri və dilləri ilə sizi incidərlər. İnkar etməyinizi istəyərlər.
60:3 Yaxınlarınız və övladlarınız sizə fayda verməz. Dirilmə Günü sizi mühakimə edər. Allah etdiklərinizi Görəndir.
60:4 Sizin üçün İbrahim və onunla bərabər olanlarda gözəl bir örnək vardır. Onunla bərabər olanlar, öz xalqına, "Biz sizdən və sizin Allahdan başqa qulluq/xidmət etdiklərinizdən uzağıq. Sizi tanımırıq. YALNIZ Allaha iman edincəyə qədər bizimlə sizin aranızda əbədi olaraq düşmənçilik və nifrət zahir olmuşdur. Halbuki, İbrahimin atasına, "Sənin bağışlanmağın üçün dua edəcəyəm, fəqət Allahdan gələcək heç bir şeyə qarşı səni qoruya bilmərəm." şəklindəki sözü (bir xəta olaraq) bunun xaricində idi. "Rəbbimiz, Sənə güvəndik, Sənə yönəldik və axırda Sənə dönəcəyik."
60:5 "Rəbbimiz, inkar edənlər üçün bizi bir sınanma vasitəsi etmə, bizi bağışla. Rəbbimiz Sən Üstünsən, Hikmət Sahibisən."
60:6 Allahı və Axirət Gününü arzu edənləriniz üçün onlarda gözəl bir örnək vardır. Üz çevirənlərə gəlincə, O Zəngindir, Tərifəlayiqdir.
60:7 Bəlkə də Allah sizinlə onlar arasındakı düşmənçiliyi sevgiyə çevirər. Allah Qadirdir. Allah Bağışlayandır, Rəhmlidir.
60:8 Allah, din uğrunda sizinlə savaşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla ədalətli davranmanızı qadağan etməz. Allah ədalətli davrananları sevər.
60:9 Ancaq Allah, sadəcə, sizinlə din uğrunda savaşan, sizi yurdunuzdan çıxardan və çıxarılmanıza yardım edən kimsələrlə dost olmanızı qadağan edər. Onları dost seçənlər zalımlardır.
60:10 Ey iman edənlər, iman edən mühacir qadınlar sizə sığındığında onları sorğu-sual edin. Allah onların inanclarını çox yaxşı bilir. İnanclı olduqlarını anlasanız, onları kafirlərə geri göndərməyin. Nə bunlar o inkar edənlərə halaldır, nə də onlar bunlara halaldır. İnkar edənlərin xərclədiyi mehrlərini onlara geri verin. Mehrlərini ödədiyiniz təqdirdə bunlarla evlənmənizdə məhzur yoxdur. İnkar edən qadınları öhdəliyinizdə saxlamayın. Onlara xərclədiyiniz mehrlərinizi istəyə bilərsiniz, onlar da verdikləri mehrlərini istəyə bilərlər. Bu, Allahın hökmüdür. O aranızda hökm verir. Allah Biləndir, Hikmət Sahibidir.
60:11 Kafirlərə qatılan həyat yoldaşlarınız vasitəsi ilə bir şeylər itirdikdən sonra (qənimət və ya sizə qatılanlar vasitəsi ilə bir şeylər qazanıb) üstün gələrsinizsə, həyat yoldaşlarını itirənlərə, onların xərcləmiş olduqları mehr qədər verin. İman etdiyiniz Allahı dinləyin.
60:12 Ey Peyğəmbər, iman edən qadınlar sənə sığındıqlarında, Allaha heç bir şeyi ortaq qoşmamaq, oğurluq etməmək, zina etməmək, uşaqlarını öldürməmək, bir iftira uydurub gətirməmək və doğru işlərdə sənə qarşı gəlməmək üzrə and içib söz verərlərsə, onların sözünü qəbul et və onlar üçün Allahdan bağışlanma dilə. Allah Bağışlayandır, Rəhmlidir.
60:13 Ey iman edənlər, Allahın qəzəbləndiyi bir topluluğu dost seçməyin. İnkar edənlər, məzardakılardan necə ümid kəsmişlərsə, onlar da axirətdən elə ümid kəsmişdirlər.