بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
7:22 Beləcə, onları yalanlarla aldatdı. Ağacı dadınca bədənləri özlərinə görsəndi. Üzərlərini cənnət yarpaqları ilə örtməyə başladılar. Rəbləri onları çağırdı: "O ağacdan ikinizi də çəkindirmədimmi və şeytanın ikinizə də düşmən olduğunu söyləmədimmi?"
7:23 Hər ikisi: "Rəbbimiz, özümüzə zülm etdik. Bizi bağışlamasan və bizə acımasan, ziyana uğrayanlardan olarıq," dedilər.
7:24 (Allah) dedi ki: "Bir-birinizə düşmənlər olaraq aşağı enin. Bir müddətə qədər yer üzündə məskunlaşıb yaşayacaqsınız."
7:26 Adəm oğulları, sizə, bədəninizi örtəcək və süsləyəcək libaslar hazırladıq. Müttəqilik libası isə daha xeyirlidir. Bunlar, Allahın işarətləridir, ola bilər ki, öyüd alarsınız.
7:27 Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.
7:28 Hər hansısa pis bir şeyi işlədikləri zaman, "Atalarımızı bu cür edərkən gördük; Allah da bizə elə əmr etdi," deyərlər. De ki: "Allah pis bir şeyi əmr etməz. Allah haqqında necə olur ki, bilmədiklərinizi söyləyirsiniz?"
7:29 De ki: "Rəbbim ədaləti  əmr edər. Hər məsciddə (ibadət yerində) dini sadəcə Ona aid edərək Ona yalvarın. Sizi ilk yaratdığı kimi Ona dönəcəksiniz."
7:30 Bir qrupu doğru yola yönəltdi, bir qrup da azğınlığa layiq görüldü. Onlar şeytanları Allahdan başqa dostlar qəbul etdilər. Amma özlərini doğru yolda sanırlar.
7:31 Adəm oğulları, Məscidlərə gedərkən süslənin. Yeyin-için; ancaq acgözlük və israfçılıq etməyin. O, acgözləri və israf edənləri sevməz.
7:32 De ki: "Allahın, Öz qulları üçün yaratdığı süsləri və gözəl ruziləri kim haram edə bilər?" De ki: "Onlar dünya həyatında iman edənlər üçündür, axirətdə isə sadəcə onlar üçündür." Bilən bir camaat üçün ayələrimizi bu cür detallı açıqlayırıq.
7:33 De ki : "Rəbbim, ancaq pis işlərin aşkarını və gizlisini, günahları, haqsız yerə hücum etməyi, özlərinə heç bir nüfuz və güc vermədiyi bir şeyi Allaha ortaq qoşmanızı və Allah haqqında bilmədiyiniz şeyləri söyləmənizi haram etmişdir."
7:34 Hər camaatın bir vaxtı vardır. Vaxtlarının sonu gəldiyi zaman da nə bir saat önə alınarlar, nə də təxirə salınarlar.
7:35 Adəm oğulları, sizə içinizdən elçilər gəlib sizə ayələrimi bildirdikləri zaman dinləyib özlərini düzəldənlərə nə bir qorxu vardır, nə də onlar üzülərlər.
7:36 Təkəbbür göstərərək, ayələrimizi yalanlayanlara gəlincə, atəş əhlidir; Orada əbədi qalacaqlar.
7:37 Allaha yalan iftira edəndən və ya ayələrini yalanlayandan daha zalım kim ola bilər? Onların kitabda anlatılan payları onlara yetişəcəkdir. Elçilərimiz onlara gəlib canlarını alarkən: "Allahdan başqa qulluq/xidmət etdikləriniz haradadır," dediklərində, "Bizi tərk etdilər," deyərlər. İnkarçı olduqlarına dair öz əleyhlərində şahidlik edərlər.
7:38 "Sizdən öncə gəlib-keçən cin və insan topluluqarı ilə birlikdə atəşə girin," dedi. Hər nə vaxt bir topluluq girdisə bir öncəkinə lənət etdi. Hamısı oraya daxil olduğunda sonrakılar öncəkilər üçün: "Rəbbimiz, bizi bunlar azdırdı. Bunlara atəşdən bir qat daha artıq əzab ver," dedilər. "Hamısı üçün iki qat vardır. Ancaq bilmirsiniz," dedi.
7:39 Öncəkilər sonrakılara, "Sizin bizə bir üstünlüyünüz yoxdur. Qazandıqlarınıza görə əzabı dadın," dedilər.
7:40 Ayələrimizi inkar edənlərə və onlara qarşı təkəbbür göstərənlərə göyün qapısı açılmaz və dəvə iynə deşiyindən keçmədikcə də Cənnətə girə bilməzlər. Günahkarları belə cəzalandırırıq.