بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
5:101 Ey iman edənlər! Açıqlandığı vaxt xoşunuza gəlməyəcək şeylər haqqında suallar soruşmayın. Quranın işığında (sual) soruşarsanız sizə açıq-aydın olar. Allah xüsusilə onlardan söz etmədi. Allah Bağışlayandır, Həlimdir.
5:102 Sizdən öncə bir topluluq o cür sualları soruşdu, sonra da o suallarından ötrü inkarçı oldular.
5:103 Müəyyən bir erkək və dişi birləşdirməsiylə balalayanların, and nəticəsi olaraq sərbəst buraxılanların, bir-birinin ardınca iki erkək doğanların və on dəfə döl verən erkək dəvələrin haram edilməsini Allah təsdiqləmir. İnkar edənlər Allaha iftira edir. Onların çoxu dərk etməz.
5:104 Onlara: "Allahın nazil etdiyinə və elçiyə tərəf gəlin," deyildiyində, "Atalarımızı üzərində gördüyümüz yol bizə yetər!" - deyərlər. Ataları, bir şey bilməyən və doğru yolu tapa bilməyən kimsələr olsa necə?
5:105 Ey iman edənlər! Öz qeydinizə qalın. Doğru yoldasınızsa, (haqq yoldan) azan kimsə sizə zərər verə bilməz. Hamınızın dönüşü Allahadır. Etdiklərinizi sizə xəbər verəcəkdir.
5:106 Ey iman edənlər! Birinizə ölüm yaxınlaşdığı vaxt, aranızdan iki ədalətli şahid tanıq olsun. Yolçuluq (səfər) anında sizə ölüm gələrsə, sizdən olmayan iki şəxs... Şübhələnirsinizsə, namazdan sonra şahidləri saxlayıb Allah adıyla: "Əqrəba belə olsa, şahidliyimizi heç bir dəyərlə dəyişdirməyəcəyik, Allahın şahidliyini gizləməyəcəyik. Əks təqdirdə, günahkarlardan olarıq," deyə and içdirin.
5:107 Şahidlərin tərəfli olduğu anlaşılarsa, öncəki şahidlərin haqsızlığına uğrayan tərəfdən iki şahid onların yerinə keçər və Allahın adı ilə belə and içərlər: "Şahidliyimiz digər ikisinin şahidliyindən daha doğrudur. Biz azmayacağıq; yoxsa zalım olarıq."
5:108 Bu tətbiq, şahidliyi lazımi qaydada etmələrini və and içdikdən sonra andlarının rədd edilməsindən qorxmalarını təmin etmək üçündür. Allaha ehtiram edin və dinləyin. Allah yoldan yaxşıca çıxmış topluluğu doğru yola yönəltməz.
5:109 Allah elçiləri topladığı gün: "Sizə nə cavab verildi?" - deyər. "Bir biliyimiz yoxdur. Gizli şeyləri bilən Sənsən!" - deyərlər.
5:110 Allah deyəcək ki: "Ey Məryəm oğlu İsa! Sənə və anana bəxş etdiyim nemətimi xatırla. Səni Müqəddəs Ruh ilə dəstəkləmişdim; beləcə beşikdə ikən də, yetkin çağında da insanlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. İznimlə palçıqdan quş heykəli yaradırdın və ona üfürüncə də iznimlə quş olurdu. Koru və cüzam xəstəliyinə tutulanı iznimlə yaxşılaşdırırdın. Yenə Mənim iznimlə ölüləri dirildirdin. İsrail oğullarına açıq-aşkar dəlillər gətirmənə rəğmən, içərilərindəki inkar edənlər, "Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir," - demişdilər, sonra da səni onlardan qurtarmışdım.
5:111 Həvarilərə (tələbələrə): "Mənə və elçimə iman edin," - deyə vəhy etdiyimdə; "İman etdik, Bizim müsəlman (təslim) olmamıza şahid ol," - demişdilər.
5:112 Həvarilər, "Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir ziyafət verə bilərmi?" - demişdilər. "İman edirsinizsə, Allaha ehtiram edin," - demişdi.
5:113 "İstəyirik ki, ondan yeyək, qəlbimiz rahat olsun, sənin bizə doğru söylədiyini bilək və ona şahid olaq."
5:114 Məryəm oğlu İsa: "Tanrımız, Rəbbimiz, bizə göydən bir ziyafət endir ki, hamımız və hər birimiz üçün bir bayram və Səndən bir dəlil olsun. Bizi ruziləndir. Sən ən yaxşı ruzi verənsən," - dedi.
5:115 Allah, "Onu sizə endirəcəyəm," - dedi, "Kim artıq bundan sonra inkar edərsə, onu, heç kimsəyə vermədiyim bir əzabla cəzalandıracağam."
5:116 Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."
5:117 "Mən onlara 'Rəbbim və Rəbbiniz olan Allaha qulluq edin' deyə mənə əmr etdiyindən başqasını demədim. Aralarında olduğum müddətcə onlara şahid idim. Canımı aldıqdan sonra isə Sən (Özün) onların üzərində nəzarətçi oldun. Sən hər şeyə Şahidsən."
5:118 "Onları cəzalandırarsan, onlar Sənin yaratdıqlarındır. Onları bağışlayarsan, şübhəsiz Sən Üstünsən, Hikmət Sahibisən!"
5:119 Allah elan edəcək: "Bu, doğrulara doğruluqlarının fayda verdiyi gündür." Onlar üçün içlərindən çaylar axan və orada sürəkli qalacaqları cənnətlər (bağçalar) var. Allah onlardan, onlar da Ondan razı olmuşdur. Böyük uğur məhz budur...
5:120 Göylərin, yerin və aralarındakı hər şeyin hökmranlığı Allaha aiddir. Onun gücü hər şeyə yetər.