بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
5:61 Sizə gəldiklərində, "İman etdik!" – dedilər. Halbuki yanınıza inkarlarıyla girib, inkarlarıyla çıxmışdılar. Onların gizlətdiklərini Allah daha yaxşı bilir.
5:62 Onların çoxunu günahda, düşmənçilikdə və haram yeməkdə tələsən görərsən. Etdikləri necə də pisdir!
5:63 Xaxamları və din xadimləri onları bu günah sözləri söyləməkdən, haram yeməkdən çəkindirməli deyildimi? Etdikləri necə də pisdir!
5:64 Yəhudilər "Allahın əli bağlıdır," - dedi. Əslində əlləri bağlı olanlar özləridir... Söylədiklərindən ötrü lənətləndilər. Halbuki Onun iki əli də açıq olub, istədiyi kimi xərcləməkdədir. Rəbbindən sənə nazil edilənlər onlardan çoxunun azğınlığını və inkar etmələrini artıracaqdır. Dirilmə gününə qədər aralarına düşmənçilik və kin saldıq. Hər nə vaxt savaş üçün atəş yandırsalar Allah onu söndürmüşdür. Yer üzündə fəsad törətmək üçün gəzib-dolaşırlar. Allah isə fəsad törədənləri sevməz.
5:65 Kitab əhli iman edib muttəqi davransa, günahlarını örtərək onları bol nemətli bağçalara yerləşdirərdik.
5:66 Tövratı, İncili və onlara nazil edilənləri tətbiq etsəydilər, onları başdan ayağa nemətlərə boğardıq. Onların arasında mötədil bir camaat olsa da, əksəriyyəti pis işlər görməkdədir.
5:67 Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, Onun elçiliyini təbliğ etməmiş olarsan. Allah səni insanlardan qoruyacaq. Allah inkar edənləri doğru yola yönəltməz.
5:68 De: "Kitablılar! Tövratı, İncili və Rəbbinizdən sizə nazil ediləni tətbiq etmədikcə heç bir təməliniz olmaz." Rəbbindən sənə nazil edilənlər, onların əksəriyyətinin azğınlıq və inkarını artırar. İnkar edən camaat üçün özünü üzmə.
5:69 İman edənlər, Yəhudilər, digər dinlərdən olanlar və Xristianlardan kim Allaha və Axirət gününə iman edər və muttəqi bir həyat sürərsə, nə bir qorxu vardır, nə də onlar üzülərlər.
5:70 İsrail oğullarından söz almış, onlara elçilər göndərmişdik. Hər nə vaxt xoşlarına gəlməyən bir şeylə onlara bir elçi gəldisə, bir qismini yalanlayıb, bir qismini də öldürdülər.
5:71 İmtahan edilməyəcəklərini sandılar, korlaşıb, karlaşdılar. Sonra Allah yönəlmələrini (tövbələrini) qəbul etdi; fəqət buna rəğmən əksəriyyəti yenə korlaşıb, karlaşdı. Allah etdiklərini görməkdədir.
5:72 "Allah Məryəm oğlu Məsihdir," – deyənlər əlbəttə inkar etmişdir. Halbuki Məsih, “İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha qul olun!" demişdi. Kim Allaha ortaq qoşarsa, Allah ona Cənnəti qadağan edər, yeri də atəş olar. Zalımlar üçün yardımçı da tapılmaz.
5:73 "Allah üçlüyün üçüncüsüdür!" – deyənlər inkar etmişdir. Halbuki Tək Tanrıdan başqa tanrı yoxdur. Bu sözlərinə son qoymazlarsa, inkar edənlərinə ağrılı-acılı bir əzab toxunacaqdır.
5:74 Hələ də Allaha yönəlib (tövbə edib) Ondan bağışlanma diləməyəcəklərmi? Allah Bağışlayandır, Rəhmlidir.
5:75 Məryəm oğlu Məsih elçidən başqa bir şey deyildi. Ondan öncə də neçə-neçə elçilər gəlib keçmişdi. Anası da doğru sözlü idi. Hər ikisi də yemək yeyirdi. Ayələrimizi onlara necə açıqladığımıza diqqət et, sonra buna rəğmən necə də üz çevirdiklərini gör!
5:76 De: "Allahdan başqa, sizə zərər və fayda verə bilməyənlərəmi qulluq/xidmət edirsiniz? Allah Eşidir, Bilir."
5:77 De, "Kitablılar! Dininiz mövzusunda gerçəkdən kənara çıxmayın. Daha öncə azan, çox kimsəni də azdıran, beləcə doğru yolu itirən bir camaatın həvəslərinin ardınca getməyin."
5:78 İsrail oğullarının inkar edənləri, həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətlənmişdi. Çünki onlar üsyan edib sərhəd tanımırdılar (həddi aşmışdılar).
5:79 Etdikləri pisliklərə görə bir-birlərini tənbeh etmirdilər (çəkindirmirdilər). Etdikləri necə də pis idi.
5:80 Əksəriyyətinin inkar edənlərlə dost olduğunu görərsən. Nəfslərinin onlar üçün göndərdiyi şey necə də pisdir! Allah onlara qəzəblənmişdir; əzabda sürəkli qalacaqlar.