بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
6:61 O Öz qullarına tamamilə hakimdir və üzərinizə qoruyucu mələklər göndərir. Sizdən birinə ölüm gəldiyi zaman elçilərimiz onun canını (o an) vaxt itirmədən alarlar.
6:62 Sonra gerçək Mövlaları olan Allaha döndərilirlər. Biləsiniz ki, hökm Onundur və O, ən tez haqq-hesab çəkəndir.
6:63 De ki: "Gizli və açıq olaraq: 'Bizi bundan qurtarsan şükür edənlərdən olacağıq' deyə Ona yalvardığınızda sizi qurunun və dənizin qaranlıqlarından kim qurtara bilər?"
6:64 De ki: "Ondan və bütün sıxıntılardan sizi Allah qurtarır. Buna rəğmən siz yenə ortaq qoşursunuz."
6:65 De ki: "Üstünüzdən və ya ayaqlarınızın altından sizə bir əzab göndərməyə, yaxud sizləri məzhəblərə bölüb bir-birinizin pisliyini daddırmağa Onun gücü yetər." Gör ayələrimizi necə izah edirik ki, bəlkə anlasınlar.
6:66 Gerçək olmasına rəğmən sənin xalqın bunu (Quranı) yalanladı. De ki: "Mən üzərinizdə nəzarətçi deyiləm."
6:68 Ayə və möcüzələrimizi lağlağıya qoyanları gördüyün vaxt, başqa bir söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdurarsa, xatırladıqdan sonra belə zalım kimsələrlə birlikdə oturma.
6:69 Müttəqilər belələrinin hesabından məsuliyyət daşımırlar. Fəqət dinləyə bilərlər deyə xatırlatmaq yaxşı olar.
6:70 Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.
6:71 De ki: "Allahdan başqa, bizə fayda və zərər verə bilməyənlərəmi yalvaraq? Allah bizi doğru yola yetişdirdikdən sonra dabanlarımız üzərində geriyəmi dönək? Şeytanların aldadıb yer üzündə çaşdırdığı və dostlarının, 'Gəl, bizimlə birlikdə doğru yola gəl' deyə çağırdıqları çaşqın bir kimsə kimi olaq?" De ki: "Gerçək yol göstərmə Allahın yol göstərməsidir. Bizə aləmlərin Rəbbinə təslim olmaq əmr edildi."
6:72 "Namazı qorumalı və Onu (Allahı) saya salıb dinləməlisiniz. Hüzurunda toplanacağınız Odur."
6:73 Göyləri və yeri yaradan Odur. "Ol," dediyi gün dərhal olar. Sözü mütləq doğrudur. Boruya üfürüldüyü gün hökmranlıq bütünüylə Onundur. Gizli və aşkar olanı Biləndir. O, Hikmət sahibidir, Xəbərdardır.
6:74 İbrahim, atası Azərə belə demişdi: "Heykəlləri tanrı qəbul edirsən? Səni və xalqını bütünlüklə açıq-aşkar bir azğınlıq içində görürəm."
6:75 Qəti bir inanca sahib olması  üçün, İbrahimə göylərin və yerin səltənətini beləcə göstərdik:
6:76 Gecənin qaranlığı onu bürüdükdə o, bir planet gördü, "Bu mənim Rəbbimdir!" dedi. Batınca, "Mən batanları sevmirəm," dedi.
6:77 Ayı doğarkən görüncə, "Budur mənim Rəbbim!" dedi. Batınca da, "Rəbbim mənə doğru yolu göstərməzsə, azanlardan olaram," dedi.
6:78 Günəşi doğarkən görüncə, "Budur mənim Rəbbim. Bu daha böyükdür!" dedi. O da batınca: "Ey xalqım, mən sizin ortaq qoşduğunuz şeylərdən uzağam," dedi.
6:79 Mən üzümü tamamilə, göyləri və yeri yaradana çevirdim və mən ortaq qoşanlardan deyiləm.
6:80 Xalqı onunla mübahisə etdi. "Məni doğruya yönəltdiyi halda, mənimlə hələ də Allah haqqında mübahisəmi edirsiniz? Rəbbim bir şey diləmədikcə sizin ortaq qoşduqlarınızdan qorxmuram... Rəbbim biliyi ilə hər şeyi əhatə etmişdir. Öyüd almırsınız?"