بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
8:61 Onlar sülhə meyl göstərərlərsə, sən də ona meyl göstər və Allaha güvən. O, Eşidəndir, Biləndir!
8:62 Səni aldatmaq istəyərlərsə, Allah sənə yetər. O ki səni yardımı ilə və iman edənlərlə dəstəklədi.
8:63 Və onların qəlblərini birləşdirdi. Sən, yer üzündə olanların hamısını xərcləsəydin belə, qəlblərini birləşdirə bilməzdin. Ancaq, onların qəlblərini Allah birləşdirdi. O, Üstündür, Hikmət sahibidir.
8:65 Ey peyğəmbər, iman edənləri savaşa təşviq et. Sizdən müqavimət göstərən iyirmi nəfər olsa, iki yüz nəfəri məğlub edə bilər. Sizdən yüz nəfər, kafirlərdən min nəfəri məğlub edə bilər. Çünki onlar, anlamayan bir topluluqdur.
8:66 Ancaq, Allah sizdə zəiflik olduğunu bildiyindən indi sizdən yükü yüngülləşdirdi. Sizdən müqavimət göstərən yüz nəfər olsa, iki yüz nəfəri məğlub edə bilər. Sizdən min nəfər olsa, Allahın izni ilə iki min nəfəri məğlub edə bilər. Allah səbr edib müqavimət göstərənlərlə bərabərdir.
8:67 Heç bir Peyğəmbərə, yer üzündə savaşa qatılmadan əsirlər götürməsi yaraşmaz. Siz bu dünyanın müvəqqəti malını istəyirsiniz; Allah isə (sizin üçün) axirəti istəyir. Allah Üstündür, Hikmət sahibidir.
8:68 Allahın daha öncə qoyduğu bir qanun olmasaydı, aldıqlarınıza görə sizə böyük bir əzab toxunacaqdı.
8:69 Artıq ələ keçirdiyiniz qənimətləri halal və təmiz olaraq yeyə bilərsiniz. Allahı dinləyin. Allah Bağışlayandır, Rəhmlidir.
8:70 Ey Peyğəmbər, əlinizdə olan əsirlərə de ki: "Allah qəlbinizdə bir yaxşılıq bilsə, itirdiklərinizdən daha yaxşısını sizə verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir".
8:71 Yox, sənə xəyanət etmək istəyirlərsə, onsuzda daha öncə Allaha xəyanət etmişdilər. Bundan sonra onları məğlub etdi. Allah Biləndir, Hikmət sahibidir.
8:72 İman edənlər, Allah yolunda köç (hicrət) edənlər, malları və canları ilə cihad edənlər və onlara sığınacaq verib onlara yardım edənlər bir-birlərinin dostudur. İman etdiyi halda sizinlə birlikdə köç (hicrət) etməyənlər köç (hicrət) edincəyə qədər onlardan məsul deyilsiniz. Ancaq onlar, din bağına görə sizdən yardım istəyərlərsə, aranızda razılaşma (müqavilə) olan bir camaata qarşı olmaması şərti ilə onlara Yardım etməlisiniz. Allah etdiklərinizi Görəndir.
8:73 İnkar edənlər də bir-birlərinin dostudur. Bu əmrləri tətbiq etməsəniz, yer üzündə xaos və böyük bir fəsad olar.
8:74 İman edənlər, Allah yolunda köç (hicrət) edib səy göstərənlər və onlara sığınacaq verib yardım edənlər, bax bunlar gerçək iman edənlərdir. Onlar üçün bağışlanma və bol ruzi vardır.
8:75 Sonradan iman edənlər, köç (hicrət) edənlər və sizinlə birlikdə səy göstərənlər də sizdəndir. Allahın Kitabına görə əqrəbalar bir-birlərinə (daha) öncədir. Allah hər şeyi Biləndir.