بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
9:1 Bu, Allah və Elçisindən, anlaşma (müqavilə) bağladığınız bütpərəstlərə bir ultimatumdur (xəbərdarlıqdır):
9:2 Yer üzündə daha dörd ay gəzib dolaşın, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz və Allah inkar edənləri rəzil edər.
9:3 Bu, eyni zamanda Allah və Elçisindən bütün insanlara, böyük həcc günü yayımlanmış bir xəbərdarlıqdır: Allah bütpərəstlərdən uzaqdır, elçisi də... Tövbə edərsəniz sizin üçün daha yaxşıdır. Dönərsəniz, bilin ki, siz Allahı aciz qoya bilməzsiniz. İnkar edənlərə ağrılı-acılı bir əzabı müjdələ.
9:4 Ancaq, onlarla bağladığınız müqavilənin şərtlərinə tam riayət edən və sizə qarşı başqalarıyla iş birliyində olmayan bütpərəstlərin müqaviləsini müddəti bitənə qədər yerinə yetirin. Allah müttəqiləri sevər.
9:5 Müqəddəs aylar çıxınca, (hələ də sülhə yanaşmırlarsa) o bütpərəstləri yaxaladığınız yerdə öldürün. Onları yaxalayın, onları mühasirəyə alın və hər hərəkətlərini izləyin. Tövbə edib namaz qılar və zəkat verərlərsə yollarını sərbəst buraxın. Allah Bağışlayandır, Rəhmlidir.
9:6 Bütpərəstlərdən biri sizdən keçiş güvənliyi istəyərsə ona qoruma təşkil et ki, Allahın sözünü eşitsin; Sonra onu özünün təhlükəsiz bölgəsinə yetişdir. Çünki onlar bilgisiz bir topluluqdur.
9:7 Bütpərəstlərin Allah və elçisi yanında necə bir müqaviləsi ola bilər ki? Müqəddəs Məsciddə sizinlə müqavilə bağlamış olanlar xaric. Onlar sizin haqlarınızı qoruduqları müddətcə, siz də onların haqlarını qoruyun. Allah müttəqiləri sevər.
9:8 Necə ola bilər ki? Sizə qalib gəlsəydilər, nə bir əqrəbalıq əlaqəsini qoruyardılar, nə də bir müqaviləni... Ağızları ilə sizi passivləşdirəcək xoş sözlər söyləyərlər, fəqət qəlbləri əksini istəyər. Çoxları yoldan çıxmışdır.
9:9 Allahın ayələrini az bir dəyərə satıb Onun yolundan azdılar. Etdikləri necə də pisdir.
9:10 İman etmiş birisi haqqında nə bir əqrəbalıq bağı, nə də bir müqavilə gözləməzlər; hücum edənlər və həddi aşanlar onlardır.
9:11 Tövbə edib namaz qılar və zəkat verərlərsə, sizin din qardaşlarınızdır. Bilən bir camaat üçün ayələrimizi bu cür detallı açıqlayırıq.
9:12 Müqavilə bağladıqdan sonra andlarını pozar və dininizə hücum edərlərsə, o inkarçılığın öndərləriylə savaşın; çünki onların andı artıq keçərsizdir. Bəlkə əl çəkərlər.
9:13 Andlarını pozan, Elçini sürgün etməyə çalışan və sizinlə (savaşı) ilk dəfə başlatan topluluğa qarşı savaşmayacaqsınız? Yoxsa onlardan qorxursunuz? İman edirsinizsə, məhz Allahdan çəkinməlisiniz.
9:14 Onlarla savaşın ki, Allah əllərinizlə onları cəzalandırıb, rəzil etsin, sizi zəfərə yetişdirsin və iman edən camaatın qəlbini sevindirsin,
9:15 Ürəklərinin öfkəsini aradan qaldırsın. Allah istədiyinin tövbəsini qəbul edər. Allah Biləndir, Hikmət sahibidir.
9:16 Allah, içinizdən Özü uğrunda cihad edənləri, Allahdan, Elçisindən və iman edənlərdən başqasını yaxın dost qəbul etməyənləri bilib ayırmadan buraxılacağınızımı sandınız? Allah etdiklərinizi Xəbər Alır.
9:17 Bütpərəstlər, öz inkar etmələrinə özləri şahid olduqları halda, Allahın məscidlərini tez-tez ziyarət etməməlidir. İşləri boşa çıxmışdır. Onlar atəşdə əbədidirlər.
9:18 Allahın məscidlərini, ancaq Allaha və Axirət gününə iman edənlər, namazı qoruyanlar, zəkatı verənlər və Allahdan başqasından qorxmayanlar tez-tez ziyarət edərlər. Onlar, doğru yolu tapanlardandır.
9:19 Hacılara su vermə və Müqəddəs Məscidi ziyarətə hazır etmə işini, Allaha və Axirət gününə iman etmə, namazı qoruma, zəkat vermə və Allah yolunda cihad etmə ilə eynimi tutursunuz? Allahın yanında onlar eyni deyildir. Allah zalım camaatı doğruya yönəltməz.
9:20 İman edənlər, köç (hicrət) edənlər, pullarıyla (mallarıyla) və canlarıyla Allah yolunda səy göstərənlər üçün Allah yanında daha böyük bir dərəcə vardır. Onlar qazananlardır.