Məryəm - 19:36 "Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Doğru yol budur."
Məryəm oğlu İsa Məsih haqqında gerçək:
Ali İmran/3:59 Allaha görə İsanın örnəyi, Adəmin örnəyi kimidir; torpaqdan forma verdikdən sonra ona "Ol," - dedi və o da oldu.

Nisa/4:171 Kitablılar! Dininizdə həddi aşmayın. Allah haqqında yalnız gerçəyi söyləyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə göndərdiyi kəlməsi və Ondan gələn bir candır. Allaha və elçilərinə iman edin. “Üçdür,” deməyin. Öz xeyriniz üçün buna son verin. Tək tanrı yalnız Allahdır! O, övlad sahibi olmaqdan ucadır. Göylərdə və yerdə nə varsa, Onundur. Vəkil olaraq Allah yetər.

Maidə/5:72 "Allah Məryəm oğlu Məsihdir," – deyənlər əlbəttə inkar etmişdir. Halbuki Məsih, “İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha qul olun!" demişdi. Kim Allaha ortaq qoşarsa, Allah ona Cənnəti qadağan edər, yeri də atəş olar. Zalımlar üçün yardımçı da tapılmaz.
Maidə/5:75 Məryəm oğlu Məsih elçidən başqa bir şey deyildi. Ondan öncə də neçə-neçə elçilər gəlib keçmişdi. Anası da doğru sözlü idi. Hər ikisi də yemək yeyirdi. Ayələrimizi onlara necə açıqladığımıza diqqət et, sonra buna rəğmən necə də üz çevirdiklərini gör!
Maidə/5:76 De: "Allahdan başqa, sizə zərər və fayda verə bilməyənlərəmi qulluq/xidmət edirsiniz? Allah Eşidir, Bilir."
Maidə/5:77 De, "Kitablılar! Dininiz mövzusunda gerçəkdən kənara çıxmayın. Daha öncə azan, çox kimsəni də azdıran, beləcə doğru yolu itirən bir camaatın həvəslərinin ardınca getməyin."
Maidə/5:116 Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara, 'Allahdan başqa məni və anamı da tanrı qəbul edin' dedin?" (İsa) belə cavab verəcək: "Sən Ucasan, haqqım olmayan bir şeyi söyləmək mənə yaraşmaz. Əgər belə bir şey söyləmiş olsaydım Sən bilərdin. Sən mənim düşüncəmi bilirsən; ancaq mən Sənin düşüncəni bilmərəm. Sən bütün gizli şeyləri bilirsən."
Maidə/5:117 "Mən onlara 'Rəbbim və Rəbbiniz olan Allaha qulluq edin' deyə mənə əmr etdiyindən başqasını demədim. Aralarında olduğum müddətcə onlara şahid idim. Canımı aldıqdan sonra isə Sən (Özün) onların üzərində nəzarətçi oldun. Sən hər şeyə Şahidsən."

Məryəm/19:16 Kitabda Məryəmi də xatırla. Ailəsindən ayrılıb şərq tərəfdə bir yerə çəkilmişdi.
Məryəm/19:17 Özü ilə onlar arasına bir pərdə çəkmişdi. Bu durumda ona Ruhumuzu göndərdik və önündə mükəmməl bir insan surətində formalaşdı.
Məryəm/19:18 (Məryəm) dedi, "Səndən Rəhmana sığınıram! Müttəqisənsə..."
Məryəm/19:19 (Mələk:) "Mən, sənə tərtəmiz bir oğlan uşağı vermək üçün görəvləndirilmiş Rəbbinin bir elçisiyəm," dedi.
Məryəm/19:20 (Məryəm:) "Mənə heç bir insan əli dəyməmiş və mən iffətsizlik etməmişkən necə olur ki, bir oğlum olur?" dedi.
Məryəm/19:21 (Mələk) dedi: "Elədir, Rəbbin, 'O iş Mənim üçün asandır. Onu insanlar üçün bir işarət və Bizdən bir rəhmət edəcəyik. Bu, artıq qərarlaşdırılmış bir işdir' deyir."
Məryəm/19:22 Ona hamilə qalınca onunla uzaq bir bölgəyə çəkildi.
Məryəm/19:23 Doğum sancısı onu bir xurma budağına qədər sürüklədi. "Kaş ki, bundan öncə ölsəydim, unudulsaydım," dedi.
Məryəm/19:24 "Üzülmə, Rəbbin sənin altında bir su arxı hazırlamışdır," deyə (ağacın) altından ona səsləndi.
Məryəm/19:25 "Xurmanın budağını özünə doğru silkələ, üzərinə yetişmiş xurmalar tökülsün."
Məryəm/19:26 "Ye, iç və gözün aydın olsun. İnsanlardan birini görərsənsə, 'Mən Rəhman üçün oruc tutmağa qərar verdim. Bu gün heç bir insanla danışmayacağam' de."
Məryəm/19:27 Onu (körpəni) qucağına alıb xalqının yanına gətirdi. "Məryəm, sən heyrətamiz bir şey işlədin!" dedilər.
Məryəm/19:28 Ey Harunun bacısı, atan pis bir adam deyildi, anan da iffətsiz deyildi."
Məryəm/19:29 (Şahidlik üçün) Onu göstərdi. "Beşikdəki bir uşaqla necə ola bilər ki, danışaq?" dedilər.
Məryəm/19:30 (İsa:) "Mən Allahın bir quluyam! Mənə kitab verdi və məni peyğəmbər etdi," dedi.
Məryəm/19:31 "Harada oluramsa olum, məni mübarək etdi. Yaşadığım müddətcə mənə namazı və zəkatı və"
Məryəm/19:32 "anama qarşı xoş xasiyyətli olmamı əmr etdi. Məni dikbaş bir zalım (üsyankar) etmədi."
Məryəm/19:33 "Doğulduğum gün, öldüyüm gün və diri olaraq qaldırılacağım gün mənə salam olsun!"
Məryəm/19:34 Bax, Məryəm oğlu İsa belə idi. Haqqında şübhəyə düşdükləri mövzunun gerçəyi budur.
Məryəm/19:35 Allaha bir övlad isnad etməkdən söhbət gedə bilməz. O bundan uzaqdır. Bir işi istədimi, ona sadəcə "Ol," deyər, o da olar.