Ənam - 6:3 O, göylərdə və yerdə olan Allahdır. Sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilir, qazandıqlarınızı da bilir.
Allah sinələrin içindəkini bilir:
Bəqərə/2:76 İman edənlərlə qarşılaşınca, “İman etdik!”– deyərlər; baş-başa qaldıqlarında isə: “Rəbbiniz qatında sizə qarşı dəlil olaraq istifadə etmələri üçün, Allahın sizə açıqladığınımı onlara anladırsınız, məgər dərk etmirsiniz?”– deyərlər.
Bəqərə/2:77 Bilmirlərmi ki, Allah bilir, gizli saxladıqları və aşkara çıxardıqları hər şeyi?

Ali İmran/3:167 İkiüzlülər də beləcə aşkara çıxarılır. Onlara, “Gəlin, Allah yolunda savaşın, ya da yardım edin,”– deyildiyində, onlar, “Savaşdan anlasaydıq sizə qatılardıq,”– dedilər. O an onlar imandan daha çox inkara yaxın idilər. Qəlblərində olmayanı ağızları ilə söyləyirlər. Halbuki Allah onların gizlədiyini çox yaxşı bilir.

Maidə/5:61 Sizə gəldiklərində, "İman etdik!" – dedilər. Halbuki yanınıza inkarlarıyla girib, inkarlarıyla çıxmışdılar. Onların gizlətdiklərini Allah daha yaxşı bilir.
Maidə/5:99 Elçinin görəvi ancaq açıq şəkildə bildirməkdir. Allah aşkara çıxardığınızı da, gizlədiklərinizi də bilir.

Ənam/6:151 De ki: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini söyləyim." Ona heç bir şeyi ortaq qoşmayın. Ana-ataya yaxşı davranın. Yoxsulluq qorxusuyla övladlarınızı öldürməyin; Sizi də, onları da Biz bəsləyirik. Böyük günahların aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın qutlu hesab etdiyi cana haqsız yerə qıymayın. Bunlar, düşünəsiniz deyə Onun sizə verdiyi öyüdlərdir.

Əraf/7:33 De ki : "Rəbbim, ancaq pis işlərin aşkarını və gizlisini, günahları, haqsız yerə hücum etməyi, özlərinə heç bir nüfuz və güc vermədiyi bir şeyi Allaha ortaq qoşmanızı və Allah haqqında bilmədiyiniz şeyləri söyləmənizi haram etmişdir."

Tovbə/9:77 Allaha verdikləri sözə xilaf çıxdıqları və yalan söylədikləri üçün Onunla qarşılaşacaqları günə qədər qəlblərinə ikiüzlülük saldı.
Tovbə/9:78 Bilmirlərmi ki, Allah onların həm gizlədiklərini, həm də pıçıldadıqlarını bilir və Allah bütün gizliləri biləndir?
Tovbə/9:94 (Savaşdan gəlib) onlara döndüyünüzdə sizə üzrlər sayarlar. De ki: "Boşuna üzr saymayın; sizə artıq inanmırıq, Allah durumunuzu bizə bildirmişdir. Allah və elçisi sizin işlərinizi görəcək və sonra da gizlini və açığı Bilənin hüzuruna döndəriləcəksiniz. O etdikləriniz hər şeyi sizə bildirəcəkdir.
Tovbə/9:105 "Çalışın; Allah, elçisi və iman edənlər etdiyinizi görəcəkdir. Gizlini və açığı Bilənə döndəriləcəksiniz və O da etdiklərinizi sizə bildirəcəkdir," de.

Hud/11:5 Onlar, sinələrində olanı şüuraltı olaraq Ondan gizləmək istəyərlər. Yaxşı bilin ki, libaslarına büründüklərində belə onların gizlədiklərini və açıqladıqlarını bilir. O, gizli düşüncələri Biləndir.
Hud/11:31 "Allahın xəzinələrinin yanımda olduğunu söyləmirəm, gizli olanı bilmirəm, mələk olduğumu da irəli sürmürəm. Xor baxdığınız kimsələrə, Allahın bir yaxşılıq bağışlamayacağını da söyləmirəm. Onların gizli düşüncələrini Allah daha yaxşı bilir. Əks təqdirdə zalımlardan olaram."

Rad/13:9 Gizlini və aşkarı Biləndir; Böyükdür, Ucadır.
Rad/13:10 Sözü istər gizləyin, istər açıqlayın, istər gecənin qaranlığında gizlənin, istər gündüz vaxtı ortaya çıxın, Onun üçün eynidir.

İbrahim/14:38 "Rəbbimiz, Bizim gizlədiyimizi və açıqladığımızı bilirsən. Yerdə və göydə heç bir şey Allaha gizli qalmaz.

Nəhl/16:19 Allah gizlədiklərinizi də, açıqladıqlarınızı da bilir.
Nəhl/16:22 Tanrınız bir tək Tanrıdır. Axirətə iman etməyənlərin qəlbləri inkarçıdır və onlar təkəbbür göstərərlər.
Nəhl/16:23 Şübhəsiz ki, Allah onların gizlədiklərini də, açığa çıxardıqlarını da bilir. O, təkəbbür göstərənləri sevməz.

Ta ha/20:7 (Niyyətini) Sözlə açıqlasan da, (açıqlamasan da) O, gizlini və gizlinin gizlisini bilir.

Ənbiya/21:110 O, açıqlanan sözü də bilir, gizlədiklərinizi də bilir.

Nur/24:29 Yaşayışsız və içində əşyanız olan bir evə girməyinizdə bir qəbahət yoxdur. Allah aşkara çıxardığınızı da, gizlədiklərinizi də bilir.

Nəml/27:25 "Halbuki onlar, göylərdə və yerdə gizli olanı açığa çıxaran Allaha səcdə etməli idilər. O, onların gizlədiklərini də, açığa vurduqlarını da bilir."
Nəml/27:74 Və Rəbbin onların kökslərinin gizlədiyini də, aşakara çıxardığını da əlbəttə bilir.

Qasas/28:68 Rəbbin istədiyini yaradar, istədiyini seçər. Seçim onlara aid deyildir. Allah onların ortaq qoşduqlarından uzaqdır, ucadır.
Qasas/28:69 Çünki Rəbbin, onların aşkar etdiklərini bildiyi kimi, kökslərinin gizlədiklərini də bilir.

Ənkəbut/29:10 İnsanlardan, "Allaha iman etdik," deyənlərdən bəziləri var ki, Allah yolunda çətinliyə düşüncə insanların zülm və işgəncəsini Allahın cəzası kimi hesab edər. Amma Rəbbindən sənə bir zəfər gəlsə, "Biz sizinlə birlikdə idik," deyərlər. Allah hər kəsin ən gizli düşüncələrini bilməzmi?

Loğman/31:23 İnkar edənlərin inkarları səni üzməsin. Onların dönüşü Bizədir və etdiklərini onlara bildirəcəyik. Allah gizli düşüncələri yaxşı biləndir.

Səcdə/32:5 Göydən yerə qədər bütün işləri O kontrol edər. Sonra sizin saydığınızdan min ilə bərabər bir gün içində Ona yüksələrlər.
Səcdə/32:6 Gizlini də, aşkarı da bilən, Üstün və Rəhim (olan) bax belədir.

Əhzab/33:37 Allah tərəfindən özünə yaxşılıq edilən və sənin də yaxşılıq etdiyin şəxsə, "Arvadını saxla və Allaha qarşı diqqətli ol," deyirdin. Beləcə Allahın açığa vuracağı bir şeyi gizləyirdin. Allahdan çəkinməli olduğun halda, insanlardan çəkinirdin. Zeyd zövcəsiylə əlaqəsini kəsdiyində Biz səni onunla evləndirmişdik ki, iman edənlər, övladlığa götürdükləri zövcələri ilə əlaqələrini kəsdiklərində onlarla evlənməkdə çətinliklə qarşılaşmasın. Allahın əmri yerinə yetirilməlidir.

Səba/34:3 İnkar edənlər, "Saat, heç vaxt gerçəkləşməyəcək," dedilər. De ki, "Şübhəsiz, Rəbbimə and olsun sizə gələcəkdir. O, gələcəyi Biləndir. Göylərdə və yerdə bir atom ağırlığı Ondan gizli qalmaz. İstər ondan kiçik olsun, yaxud böyük olsun... Hamısı açıq-aşkar bir kitabdadır.

Fatir/35:38 Allah, göylərin və yerin gizli olan şeylərini Biləndir. O, kökslərin gizlədiyini Biləndir.

Ya sin/36:76 Sözləri səni üzməsin. Gizlədikləri və açıqladıqları hər şeyi çox yaxşı bilirik.

Zumər/39:46 De ki, "Göyləri və yeri yoxdan Yaradan, gizlini və aşkarı Bilən Tanrım, ayrılığa (ixtilafa) düşdükləri mövzular haqqında qulların arasında hökmü yalnız Sən verirsən."

Ğafir/40:19 Gözlərin görə bilmədiyini və kökslərin gizlədiyini Bilir.

Fussilət/41:40 Ayələrimizin gerçək mənasından yayındırmaq istəyənlər Bizdən gizli qalmaz. Atəşə atılanmı, yoxsa dirilmə günündə güvən içində Bizə gələnmi daha yaxşıdır? İstədiyiniz kimi davranın. O, etdiklərinizi əlbəttə Görəndir.

Mumtəhənə/60:1 Ey iman edənlər, Mənim düşmənimi və sizin düşməninizi dost tutmayın. Sizə gələn gerçəyi inkar etmiş və Rəbbiniz olan Allaha iman etdiyiniz üçün elçini və sizi (ölkənizdən) çıxarmış olduqları halda, siz onlara sevgi göstərirsiniz. Razılığımı qazanmaq üçün yolumda bir cihada çıxdınızsa, onları necə gizlicə sevə bilərsiniz? Halbuki Mən, gizlədiyinizi də, aşkara çıxardığınızı da çox yaxşı bilirəm. Sizdən kim belə davranarsa, doğru yoldan sapmış olar.

Cumuə/62:8 De ki, "Qaçdığınız ölüm, mütləq sizə yetişəcək və daha sonra gizlini və aşkarı Bilənin hüzuruna döndəriləcəksiniz. Etdiyiniz hər şeyi sizə bildirəcəkdir."

Təğabun/64:4 Göylərdə və yerdə olanları bilir; sizin gizlədiklərinizi və aşkara vurduqlarınızı da bilir. Allah gizli düşüncələrinizi çox yaxşı bilir.
Təğabun/64:18 Gizlini və aşkarı Biləndir; Üstündür, Hikmət sahibidir.

Mulk/67:13 İstər sözünüzü gizləyin, və ya onu açıqlayın; O, kökslərin içindəkini bilir.

Əla/87:7 Allahın istədiyi xaric; O, aşkarı da bilir, gizlini də.