بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
9:101 İstər çevrənizdən və istərsə də şəhər camaatından olan Ərəblərdən bəziləri ikiüzlüdür. İkiüzlülükdə həyasızlaşmışdırlar. Sən onları bilməzsən, Biz onları bilirik. Onları ikiqat əzabla cəzalandıracağıq və sonra da böyük bir əzaba uğradılacaqlar.
9:102 Digərləri isə günahlarını etiraf etdilər, yaxşı işlərlə pis işləri bir-birinə qarışdırdılar. Ümid edilir ki, Allah onları əfv etsin. Allah Bağışlayandır, Rəhmlidir.
9:103 Onları təmizləmək və ucaltmaq üçün paralarından bir sədəqə al və onları təşviq et / dəstəklə, çünki sənin dəstəyin onları məmnun edər. Allah Eşidəndir, Biləndir.
9:104 Bilmirlərmi ki, qullarından tövbələri qəbul edən, sədəqələri alan Allahdır və Allah Tövbələri qəbul edəndir, Rəhmlidir?
9:105 "Çalışın; Allah, elçisi və iman edənlər etdiyinizi görəcəkdir. Gizlini və açığı Bilənə döndəriləcəksiniz və O da etdiklərinizi sizə bildirəcəkdir," de.
9:106 Bir başqa qrup da Allahın hökmünü gözləyir. Onları ya cəzalandırar, və ya tövbələrini qəbul edər. Allah Biləndir, Hikmət sahibidir.
9:107 Zərər vermək, inkarçılığı tətbiq etmək, iman edənlərin arasını açmaq (pozmaq) və öncədən Allah və elçisi ilə savaşmış olanlara bir qorunma yeri hazırlamaq üçün məscid istifadə edənlər də var. "Məqsədimiz sadəcə yaxşılıqdır," deyə and içərlər. Allah onların yalançılığına şahiddir.
9:108 Belə bir yerdə əbədiyyən namaza durma. İlk gündən etibarən müttəqilik üzrə qurulan məscid, namaz qılmağın üçün daha çox uyğundur. Orada təmizlənmək istəyən insanlar vardır və Allah təmizlənənləri sevər.
9:109 İnşasını Allahın razılığı və müttəqilik üzərinə quranmı, yoxsa inşasını bir uçurumun kənarına qurub onunla birlikdə cəhənnəm atəşinə yuvarlananmı daha yaxşıdır? Allah zülm edən bir camaatı doğruya yönəltməz.
9:110 Qurub inşa etdikləri, ürəkləri parçalanıncayadək qəlblərində bir şübhə qaynağı olaraq qalacaqdır. Allah Biləndir, Hikmət sahibidir.
9:111 Allah iman edənlərin canlarını və mallarını cənnət qarşılığında satın almışdır. Allah yolunda savaşırlar, öldürürlər və öldürülürlər. Bu, Onun Tövratda, İncildə və Quranda verdiyi bir sözdür. Verdiyi sözü, Allahdan daha yaxşı kim yerinə yetirə bilər? Elə isə bu alış-verişinizə görə sevinin. Ən böyük uğur budur.
9:112 Onlar: Tövbə edən, qulluq edən, həmd edən, aktiv, əyilən, səcdə edən, yaxşılığı müdafiə edən, pislikdən çəkindirən və Allahın qayda-qanunlarını qoruyan insanlardır. İman edənləri müjdələ.
9:113 Əqrəba olsalar belə, nə peyğəmbər, nə də iman edənlər, cəhənnəm əhli olduqları onlara bəlli olduqdan sonra ortaq qoşanlar üçün bağışlanma diləyə bilməz.
9:114 İbrahimin atası üçün bağışlanma diləməsinin bircə səbəbi ona öncədən söz vermiş olması idi. Nə zaman ki, onun Allah düşməni olduğu ona (İbrahimə) bəlli olunca ondan uzaqlaşdı. İbrahim çox duyğulu və çox şəfqətli idi.
9:115 Allah bir cəmiyyəti doğru yola yönəltdikdən sonra, çəkinəcəkləri şeyləri bildirmədən, onları azğınlığa məhkum edən deyildir. Allah hər şeyi Biləndir.
9:116 Göylərin və yerin hökmranlığı Allaha aiddir. Dirildir və öldürür. Sizin üçün Allahdan başqa nə bir sahib, nə də bir yardımçı yoxdur.
9:117 Allah, peyğəmbərin, köç (hicrət) edənlərin və yardım edənlərin tövbəsini qəbul etmişdir. Onlar, özlərindən bir dəstənin qəlblərinin az qalsın döndüyü çətin anda ona tabe olmuşdular. Sonra onların yönəlişini (tövbəsini) qəbul etdi. O, onlara qarşı çox Şəfqətlidir, Rəhmlidir.
9:118 Geridə qalan o üç nəfərin də (tövbəsini qəbul etdi). Yer üzü bütün genişliyinə rəğmən onlara dar gəlmişdi. Ürəkləri sıxılmışdı. Nəhayət, Allahdan qaça bilməyəcəklərini anladılar. Bundan sonra, yönəlmələri üçün O, onlara yönəldi. Allah Yönəlmələri qəbul edəndir, Rəhmlidir.
9:120 Nə şəhər əhalisi, nə də onların ətrafındakı Ərəblər, Allahın Elçisindən geri qalmamalı və özlərini ondan üstün görüb, öz canlarının hayına qalmamalıdır. Çünki Allah yolunda uğrayacaqları hər bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirəcək hər bir addım və düşmənə qarşı qazandıqları hər bir uğur, onlar üçün (əlavə) bir mükafat olaraq yazılar. Allah yaxşı davrananların mükafatını itirməz.