بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
9:21 Rəbləri onlara, Özündən bir rəhmət, bir razılıq və içində əbədi nemətlərin olduğu cənnətləri müjdələyir.
9:23 Ey iman edənlər, inkar etməyi iman etməkdən üstün tutduqları təqdirdə ana-atalarınızı və qardaşlarınızı dost seçməyin. Kim onları dost seçərsə onlar zalımlardır.
9:24 De ki: "Ana-atalarınız, uşaqlarınız, qardaşlarınız, zövcələriniz, ailəniz, qazandığınız pullar, iflasa uğramasından qorxduğunuz iş və xoşlandığınız evlər Allahdan və Elçisindən və Onun yolunda səy göstərməkdən daha əzizdirsə, Allah əmrini gətirincəyə qədər gözləyin." Allah yoldan çıxmış camaatları doğruya yönəltməz.
9:25 Allah bir çox vəziyyətdə sizə yardım etdi. Huneyn günü say çoxluğunuz sizi təkəbbürləndirmişdi. Fəqət sayınızın sizə heç bir faydası da olmamışdı. Necə ki, bütün genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş və axırda dönüb qaçmışdınız.
9:26 Sonra Allah, elçisi və iman edənlərin üzərinə Öz tərəfindən güvən və rahatlıq endirdi, əlavə olaraq, görmədiyiniz ordular endirdi və beləcə kafirləri cəzalandırdı. Kafirlərin cəzası məhz budur.
9:27 Nəhayət, yenə də Allah, istədiyinin tövbəsini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.
9:28 Ey iman edənlər, bütpərəstlər murdardır; bu ildən sonra Müqəddəs Məscidə yaxınlaşmasınlar. Yoxsulluğa düşməkdən qorxursunuzsa, (bilin ki,) Allah istəyərsə sizi Öz lütfüylə zənginləşdirəcəkdir. Allah Biləndir, Hikmət sahibidir.
9:29 Özlərinə kitab verilənlər arasından, Allaha və Axirət gününə iman etməyən, Allahın və Elçisinin qadağan etdiyini qadağan etməyən və gerçək dinə tabe olmayan kimsələrlə boyunlarını əyib əlləriylə vergi verincəyə qədər savaşın.
9:30 Yəhudilər: "Üzeyir Allahın oğludur," dedilər. Xristianlar da: "Məsih Allahın oğludur," dedilər. Bu, ağızlarından çıxan sözləridir. Öncədən inkar etmiş olanların sözlərini təqlid edirlər.  Allah onları məhkum edər. Necə də çevrilirlər?
9:31 Din bilənlərini, din adamlarını və Məryəm oğlu Məsihi Allahdan ayrı rəblər qəbul etdilər. Halbuki, yalnız tək Tanrıya qulluq etməklə əmr olunmuşdular. Ondan başqa Tanrı yoxdur. O, tay tutduqları kimsələrdən də çox Ucadır.
9:32 Allahın nurunu ağızlarıyla söndürmək istəyərlər. Kafirlər istəməsə də, Allah nurunu tamamlayacaqdır.
9:33 O, elçisini hidayətlə və gerçək dinlə göndərdi ki, onu bütün dinlərə üstün etsin. Bütpərəstlər istəməsə də...
9:34 Ey iman edənlər, din bilənlərin və din adamlarının çoxu insanların pulunu nahaq yerə yeyərlər və Allahın yolundan azdırırlar. Qızıl və gümüşü yığıb Allah yolunda xərcləməyənlərə ağrılı-acılı bir əzab müjdələ.
9:35 Gün gələr o topladıqları qızıllar və pullar Cəhənnəm atəşində qızdırılaraq onlarla alınları, yanları və kürəkləri dağlanar: "Özünüz üçün topladığınız bax budur. Topladığınızı dadın."
9:36 Göyləri və yeri yaratdığı gün Allahın kitabında ayların sayı, Allaha görə on ikidir. Bunlardan dördü isə müqəddəsdir. Bax qüsursuz din budur; o aylarda (savaşaraq) özünüzə zülm etməyin. Amma bütpərəstlər sizinlə cəm halda savaşarlarsa, siz də onlarla cəm halda savaşın. Biləsiniz ki, Allah müttəqi davrananların yanındadır.
9:37 Müqəddəs ayların yerini dəyişdirmək inkar etməyin irəli nöqtəsidir. İnkar edənlər onunla azdırılırlar. Allahın müqəddəs saydığı ayların sayına uyğun gətirmək məqsədiylə onu bir il halal, bir il də müqəddəs sayarlar. Beləcə, Allahın müqəddəs etdiyi ayların müqəddəsliyini pozarlar. Etdikləri pisliklər, gözlərində gözəl görünür. Allah inkar edən topluluğu doğruya yönəltməz.
9:38 Ey iman edənlər, sizə nə oldu ki, "Allah yolunda hərəkətə keçin," deyildiyi zaman, yerə yapışıb qaldınız? Axirət yerinə bu dünya həyatınamı razı oldunuz? Dünya həyatının nemətləri axirət həyatına müqayisədə çox azdır.
9:39 Hərəkətə keçməzsəniz sizi ağrılı-acılı bir əzabla cəzalandıraraq yerinizə başqa bir camaatı keçirər. Siz Ona əsla zərər verə bilməzsiniz. Allah hər şeyə Gücü Yetəndir.
9:40 Siz ona yardım etməzsəniz, Allah ona yardım etmişdir. (Örnək olaraq) kafirlər onu, ikinin ikincisi olaraq çıxarmışdılar. O vaxt ikisi mağarada ikən, yoldaşına, "Üzülmə, Allah bizimlə bərabərdir," deyirdi... Allah ona hüzur və güvən endirdi; görmədiyiniz ordularla dəstəkləyərək inkar edənlərin sözünü alçaltdı. Uca olan, yalnızca Allahın sözüdür. Allah Üstündür, Hikmət sahibidir.