بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
9:61 Onlardan eləsi də, "O (xəbər toplayan) bir qulaqdır," deyərək peyğəmbəri incidirlər. De ki: "O, sizin üçün bir xeyir qulağıdır. O, Allaha iman edir və iman edənlərə güvənir. İçinizdəki iman edənlər üçün də bir rəhmətdir. Allahın elçisini incidənlər üçün ağrılı-acılı bir əzab vardır."
9:62 Sizi razı salmaq üçün Allaha and içərlər. Gerçəkdən iman edirlərsə, bilməlidirlər ki, Allah və Elçisi razı edilməyə daha layiqdir.
9:63 Bilmədilərmi ki, kim Allah və elçisinə qarşı gələrsə, içində əbədi qalacağı Cəhənnəmə məhkum olar? Bu böyük bir alçaldılmadır.
9:64 İkiüzlülər, qəlblərindəkini onlara xəbər verəcək bir surənin nazil olmasından çəkinirlər. De ki: "İstehza edin görək, Allah qorxduğunuz şeyi aşkara çıxaracaqdır."
9:65 Onlardan soruşsan, "Biz sadəcə zarafatlaşıb, oynayırdıq," deyərlər. De ki: "Siz, Allah ilə, ayələriylə və elçisiylə istehzamı edirsiniz?!"
9:66 Üzr diləməyin! Siz iman etdikdən sonra inkar etdiniz. Sizdən bir qismini əfv etsək belə, günah işlədikləri üçün bir qismini cəzalandıracağıq.
9:67 İkiüzlü kişilər və ikiüzlü qadınlar bir-birlərindəndir. Onlar pisliyi öyüd-nəsihət edərlər, yaxşılıqdan çəkindirərlər. Əlləri sıxdır. Onlar Allahı unutdular, O da onları unutdu. İkiüzlülər, yaxşıca yoldan çıxanlardır.
9:68 Allah, ikiüzlü kişilərə, ikiüzlü qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm atəşini söz verir. O onlara yetər! Allah onları lənətləmişdir və onlar üçün tükənməz bir əzab vardır.
9:69 Eyni sizdən öncəkilərə bənzəyirsiniz; sizdən daha güclü idilər, sizdən daha çox mal və övladlara sahib idilər. Onlara düşən paydan xoşlandılar. Sizdən öncəkilərin öz paylarından xoşlanmaları kimi siz də öz payınızdan xoşlandınız. Özlərini mübtəla edənlər kimi siz də özünüzü mübtəla etdiniz. Onlar, işləri dünya və axirətdə boşa çıxmış kimsələrdir. Onlar itirənlərdir.
9:70 Nuhun xalqı, Ad, Səmud, İbrahim xalqı, Mədyən sakinləri və alt-üst olmuş ölkələrin (Sodom ve Gomorra) xalqları kimi özlərindən öncəkilərin xəbərləri onlara yetişmədimi? Elçiləri onlara açıq-aşkar dəlillərlə getmişdilər. Allah onlara zülm etmirdi, əksinə onlar öz-özlərinə zülm edirdilər.
9:71 İman edən kişilər və iman edən qadınlar bir-birlərinin dostudur. Yaxşılığı əmr edərlər, pislikdən çəkindirərlər, namazı qoruyurlar, zəkatı verirlər, Allaha və elçisinə tabe olarlar. Bax, Allah onlara rəhmət edəcəkdir. Allah Üstündür, Hikmət sahibidir.
9:72 Allah, iman edən kişilərə və iman edən qadınlara içindən çaylar axan, əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl evlər söz vermişdir. Allahın razı olması isə hamısından daha böyük bir şeydir. Məhz ən böyük qurtuluş budur.
9:73 Ey Peyğəmbər, kafirlərə və ikiüzlülərə qarşı mücadilə et və onlara qarşı sərt davran. Varacaqları yer cəhənnəmdir. Ora necə də pis bir dönüş yeridir!
9:74 İnkar sözlərini demələrinə və təslim olduqdan sonra inkar etmələrinə rəğmən, onları söyləmədiklərinə dair Allaha and içirlər. Əslində, heç bir zaman yetişə bilməyəcəkləri şey üçün çox səy göstərdilər. Allah və elçisi Onun lütfüylə onları zənginləşdirdikdən sonra öc almağa qalxdılar! Tövbə edərlərsə özləri üçün yaxşı olar. Üz çevirərlərsə, Allah onları dünya və axirətdə ağrılı-acılı bir əzabla cəzalandırar; yer üzündə nə bir dostları, nə də bir yardımçıları olar.
9:75 Hətta bəziləri, "Bizə lütfündən verərsə, paramızı yardım üçün xərcləyəcəyik və dürüst insanlardan olacağıq," deyə Allaha söz verdilər.
9:76 Fəqət, onlara Öz lütfündən verincə, simicləşdilər və üz çevirərək döndülər.
9:77 Allaha verdikləri sözə xilaf çıxdıqları və yalan söylədikləri üçün Onunla qarşılaşacaqları günə qədər qəlblərinə ikiüzlülük saldı.
9:78 Bilmirlərmi ki, Allah onların həm gizlədiklərini, həm də pıçıldadıqlarını bilir və Allah bütün gizliləri biləndir?
9:79 Könüllü olaraq yardım edən iman edənlərin comərdliklərini tənqid ednlər və eyni zamanda çox (bir şey) verə bilməyən yoxsullarla da istehza edənlər ki var, Allah onları alçaldır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
9:80 İstər onlar üçün bağışlanma dilə, istər bağışlanma diləmə. Onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə Allah onları bağışlamayacaqdır. Çünki onlar Allah və elçisini yalanladılar. Allah yoldan yaxşıca çıxmış cəmiyyətləri doğruya yönəltməz.